MƏDƏNİYYƏT
Azərbaycanlı rəssamın əsəri beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb
Bakı, 30 aprel, AZƏRTAC
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 9-cu Beynəlxalq turizm karikaturaları müsabiqəsi başa çatıb. Bu il yarışmaya 62 ölkədən 584 rəssam 1101 əsərlə qatılıb. Ölkəmizi bu yarışmada təmsil edən rəssam Soltan Soltanlı üçüncü yerə layiq görülüb. Qalibləri mükafatlandırma mərasimi İzmirdə baş tutub.
AZƏRTAC-ın müxbirinə müsabiqədəki iştirakı ilə bağlı Soltan Soltanlı bunları deyib: “2001-ci ildə bu ölkədə keçirilən başqa bir beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüşdüm. Bu yarışmada hər il iştirakçıların sayı artır. Göndərilən əsərləri ayrı-ayrı vaxtlarda iki fərqli heyətdən ibarət beynəlxalq jüri dəyərləndirib. Yarışmaya üç əsər göndərmişdim, onlardan ikisi 140 əsərlə final mərhələsinə adlayıb, sonda isə biri üçüncü yerə layiq görülüb”.
Qeyd edək ki, 2009-cu ildən hər il keçirilən müsabiqə dünyada yeganə turizm karikatura müsabiqəsi kimi tanınır.