İQTİSADİYYAT
“Azəriqaz”da Mülki Müdafiə Günü qeyd olunub
Bakı, 1 mart, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyində (İB) 1 mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib.
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın üzv olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü ilə 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı hər il üzv dövlətlərin ərazisindəki müvafiq idarə və müəssisələrdə tədbirlər keçirilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində Mülki Müdafiə Günü ilə əlaqədar “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda tədbir təşkil edilib. “Həyəcan siqnalı”nın verilməsi ilə başlanmış tədbirdə yanğın, qəza, fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib.
Birliyin baş direktorunun ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov bildirib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdəndir və fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilməlidir. Birliyin mülki müdafiə qərargahının rəisi Eltəkin Qurbanov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açaraq “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda mühazirə dinlənilib. Qurumun inzibati binasının birinci mərtəbəsinin foyesində fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisi təşkil edilib. Təxliyə zamanı işçilərdən zədə və xəsarət alan olmayıb.
Sonda mövzuya uyğun maarifləndirici videomateriallar nümayiş etdirilib.