ELM VƏ TƏHSİL
AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib.
Konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Konfransı açan AzMiU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, sürətli sosial-iqtisadi və texnoloji dinamika ilə müşayiət olunan müasir dövrün prioritetlərindən biri də informasiya texnologiyalarının inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılmasıdır. XXI əsrin məhz informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu deyən rektor elm və texnikanın sürətli inkişafı nəticəsində IT texnologiyalarının, elmi və praktiki innovasiyaların insan həyatına sürətlə inteqrasiya olduğunu vurğulayıb.
Azərbaycanda informasiya texnologiyalarının inkişafının Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamından və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn prioritet istiqamətlərdən biri olduğunu bildirən rektor sözügedən sahədə həyata keçirilən tədbirlərdən söz açıb. Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyalarının inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində fəaliyyət göstərən İnformasiya texnologiyaları və sistemləri kafedrasının tarixindən bəhs edən professor Gülçöhrə Məmmədova kafedraya uzun illərdən bəri rəhbərlik edən dünyaşöhrətli alim, AMEA-nın müşaviri, akademik Telman Əliyevə bəxş etdiyi töhfələrə görə təşəkkürünü ifadə edib.
Rektor konfransa təqdim olunan materialların “Springer” nəşriyyatında çap edilməsinin nəzərə tutulduğunu bildirib. Çıxışının sonunda göstərilən dəstəyə görə təşkilatçılara təşəkkür edən Gülçöhrə Məmmədova dünya alimlərilə birgə diskussiyaların aparılmasının informasiya texnologiyalarının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib
Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransda AMEA-nın birinci vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini professor Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Özbəkistan Milli Universitetinin professoru İbrokhimali Normatov çıxış ediblər.
Çıxışlarda “dövlət-özəl-akademik” əməkdaşlıq çərçivəsində ölkədə informasiya texnologiyalarının inkişaf etdirilməsinin və dünya təcrübəsindən yararlanmağın önəmi qeyd olunub. Regionda yaşayış səviyyəsinin yüksəldilməsinə hədəflənən layihələrin həyata keçirilməsində informasiya texnologiyalarının rolundan bəhs edən alimlər bu sahədə qarşıda duran hədəflərdən söz açaraq konfransa öz işində uğurlar arzu ediblər.
Daha sonra konfrans plenar sessiya və seksiyalarla davam edib. Sessiyada AMEA-nın müşaviri, AzMİU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri, akademik Telman Əliyev, Avstraliyanın Federasiya Universitetinin professoru Adil Bağırovun məruzələri dinlənilib. Bölmə iclaslarında “İntellektual sistemlərdə informasiya texnologiyaları”, “Tikinti, sənaye və mühəndislikdə informasiya texnologiyaları”, “Modelləşdirmədə informasiya texnologiyaları” və “Qərarların qəbulunda informasiya texnologiyaları” mövzuları müzakirə olunub.
Bölmə iclasları isə “İntellektual sistemlərdə informasiya texnologiyaları”, “Tikinti, sənaye və mühəndislikdə informasiya texnologiyaları”, “Modelləşdirmədə informasiya texnologiyaları”, “Qərarların qəbulunda informasiya texnologiyaları” mövzularına həsr olunub.
Dünyanın 26 ölkəsindən (ABŞ, Avstraliya, Estoniya, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Hindistan, Tailand, Qazaxıstan, Özbəkistandan və s.) nüfuzlu alimlərin qatıldığı konfransa ümumilikdə 150 məqalə təqdim edilib. Təqdim olunan məruzələrdən 108-i konfrans materiallarında dərc olunmaq üzrə qəbul edilib.