MƏDƏNİYYƏT
AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan Turizm Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, memorandumu AZTA-nın rəhbəri Nahid Bağırov və AQSİA-nın sədri Səkinə Babayeva imzalayıb.
Memorandumun məqsədi AQSİA-nın Turizm komissiyasının AZTA ilə əməkdaşlıq əlaqələrinin qurulması, turizm sahəsində qadın sahibkarların fəaliyyətinin təşviqi və dəstəklənməsindən ibarətdir.
İmzalanma mərasimi çərçivəsində tərəflər səmərəli əməkdaşlığın formalaşması üçün birgə İşçi Qrupun yaradılması barədə qərar qəbul ediblər. İşçi qrupun fəaliyyəti qadın sahibkarların xüsusi təlimlərdə iştirak etməsini təmin etmək, eləcə də bölgələrə infoturların təşkil edilməsi və yerli əhali arasında kənd turizminin ev təsərrüfatı şəraitində inkişafı potensialı haqqında məlumatlandırmaqdan ibarət olacaq.
AZTA və AQSİA rəhbərləri, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şura çərçivəsində birgə fəaliyyət və əməkdaşlığın qadın sahibkarların turizm sahəsində fəaliyyətinə əlavə dəstək olacağını xüsusi qeyd ediblər.