İDMAN
Bakı-2020 loqosunun təqdimat mərasimi keçirilmişdir
Bakı, 21 dekabr (AZƏRTAC). Bakının 2020 Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi ilə bağlı namizədliyini irəli sürməsi ilə əlaqədar loqo, şüar və internet səhifəsinin təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda idmanın maddi-texniki bazasının gücləndirilməsi üçün paytaxt və respublikamızın müxtəlif bölgələrində müasir standartlara uyğun Olimpiya idman kompleksləri, idman qurğuları tikilərək gənclərin istifadəsinə verilmişdir. Bütün bunlar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafı istiqamətdə apardığı məqsədyönlü siyasətin nəticəsidir.
Olimpiya çempionları Zemfira Meftahəddinova, Elnur Məmmədli və Paralimpiya çempionu İlham Zəkiyev tədbirdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının gənc idmançıları daim yeni qələbələrə ruhlandırdığını bildirmişlər.
Sonra Bakı-2020 Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubovun, gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə paytaxtımızın 2020 Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi seçimində namizədliyini irəli sürməsi ilə bağlı loqo təqdim edilmişdir.
Bakı-2020-nin loqosu məşhur Azərbaycan xalçalarının naxışlarını əks etdirir. Loqoda əks olunmuş müxtəlif rənglərdən ibarət toxumalar Bakının Olimpiya oyunlarına sahiblik iddiasında olduğu tarixi əks etdirir.
Mərasimdə Bakı-2020-nin “Birlikdə bacaracağıq” adlı şüarı və internet səhifəsi, eləcə də paytaxtımızın Olimpiya oyunlarına ev sahibliyi iddiası ilə bağlı reklam çarxı da təqdim edilmişdir.
Qeyd edək ki, gələn ilin mayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idarə heyəti 2020 Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi seçiminə qatılacaq rəsmi namizəd şəhərlərin adlarını elan edəcəkdir. 2020 ev sahibi şəhərinin yekun seçimi isə 2013-cü il sentyabrın 7-də BOK-un Buenos-Ayres şəhərində keçiriləcək 125-ci iclasında baş tutacaqdır.