ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində ikinci tələbə elmi-texniki konfransı keçirilmişdir
Bakı, 26 may (AZƏRTAC). Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş üç bölmədən (“Neft-qaz və kimya mühəndisliyi”, Fizika və riyaziyyat”, “İnformasiya-kommunikasiya texnologiyaları”) ibarət ikinci tələbə elmi-texniki konfransı keçirilmişdir.
BANM-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransın plenar iclasında çıxış edən bu ali təhsil ocağının rektoru Elmar Qasımov ikinci tələbə elmi-texniki konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilməsinin dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürü olduğunu vurğulamışdır.
O, Bakı Ali Neft Məktəbində cəmi iki il ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini onların həm yüksək biliklərə malik olması, həm də ali məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirmişdir. Rektor qeyd etmişdir ki, BANM-ın tələbələri artıq digər ali məktəblərdə keçirilən elmi konfranslarla yanaşı, xarici ölkələrdə təşkil olunan elmi məclislərdə də həvəslə iştirak edirlər.
Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov və başqaları konfrans münasibətilə tələbələri təbrik etmişlər.
Natiqlər tələbələrin təhsillərinin ilk illərindən elmə göstərdikləri marağı yüksək qiymətləndirmiş, onların elmi dərindən mənimsəmələrini təqdirəlayiq hesab etmiş və konfransın işinə uğurlar arzulamışlar.
İkinci tələbə elmi-texniki konfransının təşkilat komitəsinin rəhbəri, kimya elmləri doktoru, professor Rəna Mustafayeva tədbirin təşkili haqqında qonaqlara ətraflı məlumat vermiş və gələcəkdə Azərbaycan elminin inkişafında böyük rol oynayacaq bu gənclərə öz işlərində müvəffəqiyyətlər arzulamışdır.
Sonra konfransda BANM-ın tələbələri - İnsafəli Səmədov “Alternativ enerji mənbələri”, Nərgiz Tarverdiyeva “Ətraf mühitdə sənaye tullantıları - dioksin: bəşəriyyətin təhlükəsi”, Kamran Rzayev “Neft-qaz sənayesinin tipik idarə etmə məsələlərinin Lab-VİEW proqramı ilə həlli”, Nərmin Abbaslı “Təbiətdə fibonaçı ardıcıllığı” və Əhməd Qələndərli “Nüvə bölünməsi enerji mənbəyi kimi” mövzularında ingilis dilində məruzələrlə çıxış etmişlər.