ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində Novruz şənliyi
Bakı, 18 mart, AZƏRTAC
Novruz bayramı bu il xalqımız üçün xüsusilə əlamətdardır. Bu il Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə də qalanır, doğma Qarabağımızda həyat qaynayır.
Bu gün Bakı Dövlət Universitetində (BDU) də Novruz şənliyi keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə qonaqlar tələbələrin hazırladıqları bayram ekspozisiyası ilə tanış olublar. Novruz tonqalı qalanandan sonra bayram şənliyi BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Mərkəzin əməkdaşları Azərbaycan xalq mahnılarını və rəqslərini ifa ediblər.