QAN YADDAŞI
Bakı Mühəndislik Universitetində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib
Xırdalan, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti ilə yanaşı, 27 il öncə səkkiz aylıq körpə olan, Xocalı-Əsgəran yolunda anası ilə birgə əsir düşən Salatın Əhmədova da iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
Tədbiri açan universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, Ermənistanın Azərbaycana qarşı tarixən davam edən ərazi iddiaları Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli həddə çatıb. Erməni millətçiləri tarixdə misli görünməmiş faciələrdən birini Xocalıda törədib. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilib, aralarında qoca, uşaq və ahıl insanların da olduğu 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Milli Məclisin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində bu gün də mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə önəmli rola malikdir.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Səidə Babayeva çıxış edərək, Xocalıda insanlığa qarşı törədilmiş vəhşiliklərdən danışıb. Bildirilib ki, Xocalıda onlarla insan diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb.
Çıxışlardan sonra tədbir iştirakçıları BMU-nun Tələbə Dram Studiyası üzvlərinin Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə hazırladığı “Xocalı - sızlayan yaddaşımız” adlı ədəbi-bədii kompozisiyanı izləyiblər.
Tədbir Xocalı faciəsi zamanı 8 aylıq körpə olan Salatın Əhmədovanın çıxışı ilə sona çatıb. Qonaq faciənin canlı şahidi olsa da, həmin dəhşətli gecədə baş verənləri anasından eşitdiyini deyib. O, Xocalı faciəsinin erməni millətçilərinin iç üzünü açıb göstərdiyini vurğulayıb.