İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi metro stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün tədbirlər həyata keçirir
Bakı, 27 fevral, AZƏRTAC
Elektrik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədilə operativ tədbirlər həyata keçirilir. Belə ki, hazırda qeyd edilən metro stansiyalarının ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, həmçinin elektrik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-dək kəsişmədə işıqforların fəaliyyəti dayanıb. İşıqforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda, işıqforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.
Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.