SİYASƏT
Bakı Qlobal Forumunda xarici ölkələrdən 1500-dən çox nümayəndə iştirak edib
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun statistik göstəriciləri barədə məlumat verib. O, Forumda ümumilikdə 147 xarici ölkədən 1500-dən çox nümayəndənin, o cümlədən prezidentlərin, Baş nazirlərin, Baş nazir müavinlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyini, 45 panel iclasının, təqdimat və qrup görüşlərinin, 86 mədəni tədbirin keçirildiyini, tədbirlərdə 167 natiqin çıxış etdiyini, Forumun işini işıqlandırmaq üçün 120 mətbuat orqanının akkreditasiyadan keçdiyini, bu tədbirlə bağlı televiziyalarda 304, qəzetlərdə 261, internet resurslarında isə 3542 informasiyanın verildiyini vurğulayıb. Nazir Forum çərçivəsində Bakı Bəyannaməsi kimi əhəmiyyətli sənədin imzalandığını qeyd edib.
Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
O, Forumda bir sıra əhəmiyyətli məsələlərin müzakirə olunduğunu deyib, tədbirin zorakı ekstremizmin qarşısının alınmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Nasir Əbdüləziz Əl-Nasir deyib ki, bağlanış mərasimində Sivilizasiyalar Alyansının Məşvərətçi Şurasının yaradılmasını təklif edəcək. Bu Məşvərətçi Şurada müxtəlif qurumların nümayəndələri yer alacaq ki, onlar vaxtaşırı ali nümayəndəyə müxtəlif tövsiyələr təqdim edəcəklər.
Jurnalistlərin suallarını cavablandıran ali nümayəndə Bakı Bəyannaməsinin BMT-nin rəsmi sənədi olacağını vurğulayıb.
Sonda Bakı Qlobal Forumu ilə bağlı fotoqraflar arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.