İDMAN
Bakı Şahmat Olimpiadasını yüksək dəqiqlik və operativliklə işıqlandırdığı üçün AZƏRTAC-ın əməkdaşı mükafatlandırılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
“Baku Crystal Hall”da təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının sonuncu turu çərçivəsində sentyabrın 13-də media nümayəndələri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə ölkəmizdə təşkil olunan yarışa böyük maraq olduğunu bildirib.
O, yarışın “Facebook” səhifəsinin 20 mindən artıq üzvü olduğunu və hər gün rəsmi səhifəni 200 min nəfərin ziyarət etdiyini diqqətə çatdıraraq deyib: “Olimpiada çərçivəsində 61 mətbuat konfransı təşkil olunub. Konfranslar zamanı yerli mətbuat orqanları daha fəal iştirak ediblər. Digər olimpiadalardan fərqli olaraq Bakıda ilk dəfə olaraq mətbuat işçilərinin əməyi qiymətləndirilib”.
Yarışları yüksək dəqiqlik və operativliklə işıqlandırdığı üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Samirə Allahverdiyeva da mükafatlandırılıb. Ona təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.