ELM VƏ TƏHSİL
Bakı və regionlarda həyata keçirilən dual təhsil proqramının aralıq monitorinqi davam etdirilir
Bakı, 1 may, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT İnkişaf Proqramının birgə təşəbbüsü çərçivəsində 2022/2023-cü tədris ili üzrə həyata keçirilən dual təhsil proqramının aralıq monitorinqi davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, monitorinqin əsas məqsədi dual təhsil proqramı haqqında məlumatın və rəylərin toplanılması və proqramın daha da effektiv tətbiqi üçün zəruri tədbirlərin vaxtında müəyyən edilməsindən ibarətdir. BMT İnkişaf Proqramının “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi tərəfindən təklif edilmiş dual peşə təhsili proqramlarının monitorinq formatına uyğun olaraq, həyata keçirilən yoxlama fəaliyyətləri iki istiqamətdə (məzmun və icra-mexanizminin monitorinqi) - həm onlayn (sorğu), həm də oflayn (fokus qrup müzakirəsi, görüşlər) qaydada təşkil edilib.
Sözügedən fəaliyyət çərçivəsində tədris alan tələbələrin, əməkdaşlıq edilən işəgötürənlərin və peşə təhsili müəssisələrinin cari dual təhsil proqramı haqqında fikirlərinin öyrənilməsi, toplanılan rəylər və müşahidələr əsasında proqramın təhlili nəzərdə tutulub.
Sorğulardan istifadə olunaraq təşkil edilən aralıq monitorinqinin birinci mərhələsində peşə təhsili müəssisələri, tələbələr və işəgötürənlər üçün sorğu anketləri tərtib olunub və cavablar toplanılıb. Fokus qruplar ilə müzakirə mərhələsində dual təhsil proqramında iştirak edən tələbələr, peşə təhsili müəssisələrinin proqrama cəlb edilmiş əməkdaşları və işəgötürənlər ilə ayrı-ayrılıqda görüşlər təşkil olunub, interaktiv sual-cavab formatında müzakirələr aparılıb. Əksər peşə təhsili müəssisələri və tələbələr ilə görüşlər artıq yekunlaşıb. Həmçinin sözügedən mərhələdə işəgötürənlər ilə fərdi görüşlər keçirilir. Qeyd edək ki, işəgötürən müəssisələr ilə davam etdirilən görüşlər zamanı onların kadr ehtiyacları nəzərə alınaraq növbəti tədris ili üçün dual təhsil proqramının tətbiq ediləcəyi ixtisaslar müəyyənləşdirilir və tədris proqramı müzakirə olunur.
Bundan əlavə, tədris ilinin sonunda dual təhsil proqramının yekun qiymətləndirilməsinin təşkili də nəzərdə tutulub.
Dual təhsil sistemi tələbənin tədris ili boyunca peşə təhsili müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl işəgötürənlərlə müəsissələrdə praktik bacarıqların real iş mühitində əldə etməsini təmin edən təhsil proqramdır. Proqramın tətbiqində və genişləndirilməsində əsas məqsəd tərəfdaş nümayəndələr ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin öz kadr ehtiyaclarına uyğun mütəxəssislərin hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir. Ümumilikdə 9 regionda (Bakı, Sumqayıt, Gəncə, Cəlilabad, Lənkəran, Şəki, Qəbələ, İsmayıllı, Bərdə), sənaye, turizm, xidmət, kənd təsərrüfatı, həmçinin İKT kimi müxtəlif sahələri əhatə edən proqram hazırda 23 ixtisas üzrə davam edir.
Cari tədris ilində 15 peşə təhsili müəssisəsində icra olunan dual peşə təhsili proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi Avropa İttifaqı, BMT İnkişaf Proqramı, Almaniyanın “Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V.” təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), həmçinin Dövlət Turizm Agentliyi, Turizm Bürosu, Hotellər Assosiasiyası, “Bacarıqlı ol” layihəsi ilə əməkdaşlıq edir.