İQTİSADİYYAT
BAKIDA 8-Cİ BEYNƏLXALQ TİKİNTİ MATERİALLARI SƏRGİSİ AÇILMIŞDIR
Bakıda, “Avropa” mehmanxanasının sərgi kompleksində “Tikinti və interyer, istilik sistemi, havanın sərinləşdirilməsi və təmizlənməsi” mövzusunda 8-ci beynəlxalq tikinti materialları sərgisi açılmışdır. Burada dünyanın 15 ölkəsindən 75 şirkətin məhsulları və xidmətləri nümayiş etdirilir.
Sərgini Britaniyanın “İTE Group PLC” və onun tərəfdaşı “İteka Kaspian LTD” şirkətləri Azərbaycan Ticarət-Sənaye Palatası və Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsi ilə birgə təşkil etmişlər.
Baş nazirin müavini Abid Şərifov, Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri Şair Həsənov, habelə “İTE Group PLC” şirkətinin rəhbəri Toni Qayos sərginin açılışında çıxış edərək bildirmişlər ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar sayəsində respublikanın iqtisadiyyatına qoyulan investisiyanın həcmi ildən ilə artır, yeni mehmanxana kompleksləri, ofis və yaşayış binaları, ticarət mərkəzləri tikilir, parklar salınır. Natiqlər dövlətimizin başçısının Sərəncamına uyğun olaraq, paytaxtın magistrallarının və avtomobil yollarının Avropa standartlarına uyğun bərpası üçün Bakı Şəhər İcra Hakimiyyətinin külli miqdarda vəsait ayırdığını da vurğulamışlar. Bütün bu yeniliklər Azərbaycan iqtisadiyyatında tikinti sənayesinin rolunu artırır.
Sərgidə tikinti materialları istehsal edən yerli şirkətlərin məhsulları və xidmətləri də nümayiş etdirilir. Onların arasında “Qaradağsement”, “İdeal-dizayn”, “Baku-stil kompani” və digər şirkətlər var.
Mütəxəssislərin fikrincə, sərginin keçirilməsi yerli istehsalın inkişafına böyük təsir göstərəcək və tikinti materialları istehsal edən milli şirkətlərin və firmaların beynəlxalq bazara çıxmasına kömək edəcəkdir.