İDMAN
BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
Lent, gürz və top növləri üzrə Rusiya idmançısı Alina Kabayeva, halqa növü üzrə isə İrina Çaşina (Rusiya) bütün idmançıları qabaqlayaraq turnirin qızıl medalını qazandılar. Alina Kabayevaya turnirin xüsusi kuboku təqdim olundu.
Medalları Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva, Gənclər, İdman və Turizm Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Beynəlxalq Gimnastika Federasiyasının nümayəndələri təqdim etdilər.
Bağlanış mərasimində çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının BGF Baş Katibinin müavini Hanre Qaynmuxler qalibləri təbrik etdi, ölkəmizin paytaxtında bədii gimnastika üzrə keçirilən ilk mötəbər yarışın yüksək səviyyədə təşkilinə görə görə Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi və ona BGF-nin xüsusi hədiyyəsini təqdim etdi.
Mərasim bədii proqramla başa çatdı.
***
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN DÖVLƏT TELEVİZİYASININ MÜXBİRİNƏ MÜSAHİBƏSİ Avqustun 9-da Azərbaycanın Baş naziri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Azərbaycan dövlət televiziyasının müxbirinə müsahibə vermişdir. SUAL: İlham müəllim, son vaxtlar Azərbaycanda beynəlxalq yarışların, müxtəlif idman tədbirlərinin keçirilməsi ənənə halını almışdır. Bədii gimnastika üzrə bugünkü yarışın keçirilməsi də Azərbaycanın idman tarixində mühüm hadisə deyilmi? CAVAB: Mən razıyam. Doğrudan da bu, Azərbaycanın idman tarixində mühüm hadisədir, əlamətdar bir haldır. Artıq bir neçə dəfə Azərbaycanda beynəlxalq yarışlar, dünya, Avropa çempionatları, kubok yarışları keçirilibdir. Bu, onu göstərir ki, beynəlxalq idman qurumlarının Azərbaycana münasibəti çox xoşdur, bizim fəaliyyətimiz çox yüksək qiymətləndirilir. Biz də hər bir beynəlxalq yarışın təşkilində çalışırıq ki, onu ən yüksək səviyyədə keçirək. Bundan əlavə, deyə bilərəm ki, Azərbaycan dünyada, bəlkə də, yeganə bir ölkədir ki, Olimpiya oyunlarına hazırlıq mərhələsində burada idmanın üç növü üzrə lisenziya turnirləri keçiriləcəkdir. Azərbaycanda boks, taekvondo və voleybol üzrə beynəlxalq turnirlər keçiriləcəkdir ki, bu da öz növbəsində idmançılarımıza daha da gözəl şərait yaradacaqdır. Bilirsiniz ki, Azərbaycanda idman sürətlə, hərtərəfli inkişaf edir. İdmançılarımız beynəlxalq yarışlarda gözəl nəticələr göstərirlər. Azərbaycanda idmanın maddi-texniki bazası ən yüksək səviyyədə yenidən yaradılıbdır. Əlbəttə, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkədə idmana böyük bir təkan verir, gənc, yeniyetmə idmançılarımız, uşaqlar bunu görüb həvəslənirlər. Əminəm ki, bu, həm də Azərbaycanda idmanın kütləviliyinə gətirib çıxaracaqdır. Əsas məqsədimiz də məhz budur. Yəni, uşaqlarımız idmanla məşğul olsunlar, öz fiziki sağlamlığını möhkəmləndirsinlər və Azərbaycanda gözəl, fiziki və mənəvi cəhətdən güclü nəsil yetişsin. SUAL: İlham müəllim, bugünkü idman bayramında 17 ölkədən nümayəndə heyəti iştirak edir. Beynəlxalq təşkilatların nümayəndələri də bu tədbirə qatılıblar. Belə bir idman yarışlarının Azərbaycanda keçirilməsini ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı xarakter alması ilə də izah etmək olarmı? CAVAB: Şübhəsiz. Əgər Azərbaycanda ictimai-siyasi sabitlik olmasaydı, təbii ki, belə turnirlərin, yarışların keçirilməsi də qeyri-mümkün olacaqdı. Azərbaycanın ən böyük sərvəti ondadır ki, Heydər Əliyevin rəhbərliyi altında son on ildə ölkədə sabitlik, ictimai-siyasi asayiş hökm sürür. Bu, xalqımız, ictimaiyyətimiz üçün ən böyük sərvətdir, ən böyük qazancdır. Əlbəttə, belə bir rahat, sakit şəraitdə hər bir idman tədbirini, digər tədbirləri keçirmək mümkündür. Mən sizə deyə bilərəm ki, Beynəlxalq Gimnastika Federasiyasının nümayəndələri təxminən bir neçə ay bundan əvvəl təftiş məqsədi ilə Azərbaycana gəlmişdilər və burada bizim imkanlarımızı öyrənmiş, mövcud idman qurğuları ilə tanış olmuşdular. Onlar bizə böyük məmnuniyyət hissi ilə bildirmişdilər ki, Azərbaycanda nəinki idmanla məşğul olmaq üçün imkanlar, böyük beynəlxalq yarışlar keçirmək üçün gözəl idman qurğular var, eyni zamanda, ölkədə gözəl əhval-ruhiyyə, ab-hava hökm sürür. Bütün bu amillər ölkəmizdə belə yarışların keçirilməsinə imkan verir. Əminəm ki, gələcəkdə də Azərbaycanda neçə-neçə beynəlxalq yarışlar, çempionatlar keçiriləcəkdir. Bu da öz növbəsində bizim idmansevərlərimizi sevindirəcəkdir. SUAL: Siz indi ölkəmizdəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Yəni narahatçılıq üçün hər hansı bir əsas varmı? CAVAB: Narahatçılıq üçün heç bir əsas yoxdur. İctimai-siyasi vəziyyət sabitdir. Hər şey qaydasındadır. Azərbaycan inkişaf edir, irəliyə gedir. Azərbaycan qarşıda qoyduğu bütün vəzifələri həyata keçirir . Əminəm ki, bundan sonra da belə olacaqdır. SUAL: İlham müəllim, respublika ictimaiyyəti Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı xəbərləri maraqla, ümidlə izləyir. Şükürlər olsun ki, Amerika Birləşmiş Ştatlarından nikbin xəbərlər alınır. Cənab Prezidentin səhhəti ilə bağlı son məlumat necədir? CAVAB: Mən deyə bilərəm ki, - ictimaiyyət də bunu bilir, - cənab Prezident ora çatandan sonra Klivlend klinikası dövlətimizin başçısının sağlamlığı ilə bağlı rəsmi məlumat vermişdi. O da mətbuata çatdırılmışdır. Eyni zamanda, deyə bilərəm ki, mən bu gün cənab Prezidentlə iki dəfə telefonla danışdım. Oranın vaxtı ilə dünən axşam saat on bir, bizdə səhər saat səkkiz idi. Bir də günorta, saat 4-də danışdım. Cənab Prezidentin səhhətində heç bir problem yoxdur. Özünü çox yaxşı, gümrah hiss edir. Əhval-ruhiyyəsi də yaxşıdır. O da bilirdi ki, bu gün Azərbaycanda belə bir mötəbər idman yarışı keçirilir. Xahiş etmişdi ki, mən onun salamlarını, ən xoş arzularını Azərbaycan xalqına çatdıram. Mən də bunu məmnuniyyətlə edirəm. Allaha şükürlər olsun ki, cənab Prezidentin müalicəsində çox müsbət dəyişikliklər vardır. Əminəm ki, yaxın gələcəkdə o, Vətənə dönəcəkdir. Çox sağ olun.