İQTİSADİYYAT
BAKIDA BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATININ BÜROSU AÇILACAQ
Bakıda Beynəlxalq Əmək Təşkilatı (BƏT) bürosunun təsis olunması və bu təşkilatın milli əlaqələndiricisi vəzifəsinə namizəd məsələsi BƏT-in Avropa və Mərkəzi Asiya departamentinin baş direktoru Fridrix Buttlerin Azərbaycan hökuməti nümayəndələri ilə görüşlərində müzakirələrin əsas mövzusu olacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirmişlər ki, BƏT-in Azərbaycan bürosunun açılması barədə ilkin razılıq əldə edilmişdir. Büro istehsal münasibətləri sahəsində problemlərin həlli, məşğulluq siyasəti, əmək şəraiti, sosial təminat və əmək prosesində təhlükəsizlik texnikası ilə məşğul olacaqdır.
Fridrix Buttlerin səfəri gedişində yerli büronun təsis olunması ilə yanaşı, məşğulluq və əməyin mühafizəsi problemlərinə dair bir sıra digər layihələr də müzakirə olunacaqdır. Mayın 16-17-də onun baş nazirlə, xarici işlər, əmək və əhalinin sosial müdafiəsi nazirliklərində, habelə Sahibkarlar (İşverənlər) Konfederasiyasında görüşləri olacaqdır.