Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib YENİLƏNİB-3 VİDEO

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə bütün qonaqlarımızı salamlayır və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştiraka görə minnətdarlığımı bildirmək istəyirəm. Sizin iştirakınız olduqca vacibdir, çünki bu, sizin təmsil etdiyiniz hökumət və təşkilatların “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə çox böyük əhəmiyyət verdiyinin göstəricisidir.

Bu gün qonaqlarımız arasında “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçı dövlətlərinin müvafiq nazirləri, ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək nümayəndələri, Avropa Komissiyasının vitse-prezidenti, şirkətlərin, beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri var. Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi xüsusilə salamlamaq istərdim. Mən bu il ərzində onunla artıq dörd görüş keçirmişəm. Bu isə belə bir mühüm layihənin reallaşdırılmasında Azərbaycan və Avropa Komissiyasının yaxından əməkdaşlıq etdiyini göstərir.

Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir.

Beynəlxalq əməkdaşlıq haqqında danışarkən təbii ki, sizin diqqətinizi Azərbaycanın enerji siyasətinin tarixinə yönəltmək istərdim, çünki onsuz bugünkü toplantı mümkün olmazdı. Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan mühüm enerji şirkətlərini ölkəmizdə fəaliyyət göstərməyə dəvət etdi. Tarixdə ilk dəfə Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft və qaz şirkətləri buraya çox böyük həcmdə sərmayələr yatırdı. 1994-cü ildə biz Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng neft ehtiyatlarının istismarı ilə bağlı “XX əsrin müqaviləsi” adlanan kontraktı imzaladıq. Bu, faktiki olaraq, Xəzər dənizinin xarici sərmayələr üçün açılması, ölkəmiz üçün isə transformasiya və inkişaf istiqamətində atılmış ilk vacib addım idi.

Bugünkü Azərbaycan böyük mənada həmin siyasətin nəticəsidir. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənilməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı.

Bu səbəbdən biz dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük dəyər veririk. Ölkəmizdə bütün sərmayələr zəruri səviyyədə qorunur, hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun formasında Prezident tərəfindən imzalanır. Yəni, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanət var. Bu, sərmayəçilərdə əminlik yaradır və hesab edirəm ki, Azərbaycanın sərmayələrə dəyər verən və onları müvafiq şəkildə qoruyan etibarlı tərəfdaş olmasında mühüm rol oynayır.

Cənub Qaz Dəhlizinin resurs bazasını nəhəng “Şahdəniz” qaz yatağı təşkil edir. “Şahdəniz” yatağının istismarı ilə bağlı müqavilə 1996-cı ildə imzalanmışdır. Bunun özü də tarixi hadisə idi, çünki həmin vaxta qədər Azərbaycan yalnız neft hasil edən ölkə kimi tanınırdı. Lakin “Şahdəniz” layihəsi sayəsində biz özümüzü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi təqdim etdik. Bu gün Azərbaycanın, - “Şahdəniz” və digər yataqlarının, - təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Bu, nəhəng ehtiyatdır və şübhəsiz ki, “Şahdəniz” yatağının birinci mərhələdəki istismarı “Cənub Qaz Dəhlizi” layihəsinin təməlini qoydu.

Bu regional və daha sonra beynəlxalq əməkdaşlığın yaranmasında iki mühüm mərhələ oldu. Regional əməkdaşlığa gəldikdə, bu regionda üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə uzun illərdir ki, uğurla əməkdaşlıq edir və bu üç ölkə dəhlizlər yaratmağa müvəffəq olmuşdur. Bu, ən vacib olan məsələ idi. Xəzər dənizini Qara dəniz ilə bağlayan neft kəməri mövcud deyildi. Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan həmin kəmər bu gün genişləndirilməkdədir.

Bütün bunlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq, habelə beynəlxalq maliyyə qurumlarının və bu layihələri strateji hesab edən ABŞ hökumətinin dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Layihələr həqiqətən də strateji idi, çünki onlar regionumuzun enerji xəritəsini dəyişməyə başlamışdır. Beləliklə, Azərbaycan dünya bazarlarına neft tədarük edən etibarlı tərəfdaşa çevrilmişdir və bu gün bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faiz təşkil edir.

Bunları deməkdə məqsədim bugünkü inkişafın olduqca möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıq tarixinə malik olmasını nümayiş etdirməkdir. Eyni zamanda, yüksək riskli sahə hesab olunan bu sahədə həmin layihələri maliyyələşdirən beynəlxalq maliyyə qurumlarına da minnətdaram.

Cənub Qaz Dəhlizi bu gün artıq reallıqdır. Bu gün burada layihə ilə bağlı mövcud çağırışları nəzərdən keçirəcəyik. Öz növbəmdə bu layihənin həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulamaq istərdim. 2012-ci ildə İstanbulda Prezident Ərdoğan və mən Transanadolu qaz kəmərinə dair tarixi müqaviləyə imza atdıq. Əslində, Cənub Qaz Dəhlizinin icrası məhz həmin gündən başlayır, çünki o vaxta qədər müxtəlif layihələr, seçimlər və müzakirələr mövcud idi. Potensial qaz layihəsinin reallaşdırılması ilə bağlı bir çox konfrans və seminarlar təşkil edilmişdir. Ancaq İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu.

Bundan sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsinə sərmayə qoyulması ilə bağlı qərar qəbul edildi və TANAP sazişi bağlanmasa idi, həmin qərar verilməzdi. Daha sonra TANAP layihəsinin davamı olaraq, Transadriatik qaz kəməri layihəsi seçildi. Beləliklə, 2012-ci ildə İstanbuldakı mərasim dönüş nöqtəsi oldu, tərəfdaşlarımız bizi dəstəklədi və bu gün həmin sazişin nəticəsi göz qabağındadır.

Bizim tərəfdaşlarımıza, - müxtəlif dövlət, şirkət və təşkilat nümayəndələrinə, - bu gün bizimlə birlikdə olduqlarına görə öz dərin minnətdarlığımı bildirirəm. Bu, Məşvərət Şurasının üçüncü toplantısıdır və bu yığıncaq artıq yaxşı bir ənənəyə çevrilmişdir. Həyat sübut etmişdir ki, belə toplantının çox vacib mənası var. Biz yalnız görülmüş işləri nəzərdən keçirmirik. Ən əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi əlaqələndiririk. Əlaqələndirmə olmazsa biz uğur əldə edə bilmərik. Cənub Qaz Dəhlizinin bütün dörd seqmenti paralel şəkildə həyata keçirilir. Buna görə də layihənin dəqiq icrası və vaxt qrafikinə riayət olunması ən vacib məsələlərdəndir.

Son dəfə biz ötən il ərzində Bakıda görüşmüşük. Həmin vaxtdan bəri bir çox hadisələr baş vermişdir, layihənin icrası ilə bağlı yaxşı irəliləyiş var. Mənə verilən son məlumata görə, “Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. Bu, yaxşı irəliləyişin göstəricisidir. Ötən ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantı zamanı mövcud olan vəziyyəti götürsək, bu gün böyük irəliləyişin şahidi olarıq. Bu, layihənin uğurlu icrasının vacib göstəricisidir.

Bununla yanaşı, Bakıdakı sonuncu görüşümüzdən bəri, növbəti, böyük Abşeron qaz layihəsi üzrə işlərə başlanılmışdır. Biz yataqla bağlı praktiki işlərə, yəni, qazma işlərinə başlamağı planlaşdırırıq və Abşeron yatağının birinci mərhələsi üzrə qaz potensialı artıq hesablanıb. Abşeron yatağı Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaqdır.

Bu, ilk növbədə, bizim qaz potensialımızın “Şahdəniz” ilə məhdudlaşmadığını nümayiş etdirir. Halbuki “Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ancaq bu, “Şahdəniz-2” layihəsinin icrasının digər layihələrin reallaşdırılması baxımından nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirir. Müasir nəqletmə infrastrukturu olmadan digər qaz yataqlarına sərmayələrin cəlb edilməsi çətin olardı. Bütün bunlar hamımızın mənafeyinə xidmət edir. Çünki yaradılmaqda olan şəbəkə vasitəsilə nə qədər çox qaz nəql edilsə, biz - dövlətlər və şirkətlər bundan bir o qədər bəhrələnəcəyik.

Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər. Şadam ki, TANAP-ın icrası ilə bağlı xərclər azalıb. Aldığım son məlumata görə, bu rəqəm 11,8 milyard dollardan 8,5 milyard dollara enmişdir. Bir sıra ölkələrdəki iqtisadi vəziyyətin narahatlıq doğurduğu belə bir vaxtda xərclərin azalması olduqca vacib məsələdir. Beləliklə də TANAP-ın səhmdarları külli miqdarda vəsaitlərinə qənaət edəcəklər.

Biz layihənin icrası üçün maliyyə vəsaitinin cəlb edilməsinə nail olmuşuq. Burada xüsusi olaraq Dünya Bankını qeyd etmək istərdim. Bu qurum layihəyə böyük məbləğdə vəsait ayırmaqla yanaşı, digər maliyyə institutlarına da siqnal vermiş oldu. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının dəstəklənməsi üçün böyük məbləğdə maliyyə vəsaitlərinin ayrılmasına görə Asiya İnkişaf Bankına və Asiya İnfrastruktur və İnkişaf Bankına da minnətdarlığımı bildirirəm.

Burada xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, Azərbaycan qazı Asiyaya deyil, Avropaya nəql ediləcəkdir. Lakin gördüyümüz kimi, layihəyə verilən maliyyə dəstəyi baxımından Asiya maliyyə qurumları Avropa təşkilatlarından öndədir. Ümid edirik ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı da maliyyə dəstəyinin verilməsi və asiyalı tərəfdaşlarından geridə qalmamaq məsələlərini nəzərdən keçirəcəkdir. Əks təqdirdə bunu anlamaq çox çətin olacaqdır.

Azərbaycan öz növbəsində dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaiti hesabına layihəyə böyük maliyyə dəstəyi göstərir. Bu gün Azərbaycanın maliyyə imkanları regionda istənilən layihənin həyata keçirilməsinə imkan verir və biz bunu uğurla edirik. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir və dəfələrlə dediyim kimi, enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu, şaxələndirmə layihəsidir. Şaxələndirmə isə yalnız istehlakçılara deyil, biz istehsalçılara da lazımdır. Çünki bizim çoxşaxəli nəqletmə şəbəkəsinə ehtiyacımız var. Bu gün ehtiyatlarımızın müxtəlif təyinat məntəqələrinə nəql edilməsi üçün bizim 7 kəmərimiz var ki, bunlardan 3-ü neft, 4-ü isə qaz kəməridir. Səkkizincisi isə Cənub Qaz Dəhlizidir ki, o da tezliklə istifadəyə veriləcəkdir.

Biz enerji şaxələndirilməsi haqqında danışanda nəqletmə marşrutları ilə yanaşı, mənbələr barəsində də danışırıq. Xəzər dənizinin Azərbaycan sektorunda olan mənbələr yeni mənbələrdir və bu, regionun və Avropa istehlakçılarının qaz ilə təchizatında yeganə yeni mənbədir. Bu baxımdan, regional və artıq beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və dəstək bu layihənin həyata keçirilməsinin ən vacib elementlərindəndir.

Bu gün nazirlər səviyyəsində üçüncü toplantıda biz artıq əmin ola bilərik ki, heç bir maneə bu layihənin həyata keçirilməsinin qarşısını ala bilməz. Layihənin icrası ilə bağlı sizə təqdim etdiyim rəqəmlər bizim layihənin icrasının yekun mərhələsində olduğumuzu nümayiş etdirir. Buna baxmayaraq, biz birgə səylərlə bu layihənin icrasının müəyyən seqmentləri üzrə süni gecikdirmələrin qarşısını almalıyıq və əminəm ki, bu mövzu burada ətraflı müzakirə olunacaqdır.

Bilirik ki, burada müəyyən müdaxilə və kənardan təzyiq halları olacaq. Müəyyən ekoloji və digər bəhanələr ortaya atılacaq. Ancaq burada biz reallığı nəzərə almalıyıq. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın tərəfdaşları, ölkəmizin strateji tərəfdaşı və bizim bütün neft və qaz layihələrimizin operatoru olan BP şirkəti ilə birlikdə həyata keçirdiyi heç bir layihə ilə bağlı, istər Azərbaycanda, istərsə də buradan başlayan nəqletmə marşrutu boyu hər hansı bir ekoloji problem baş verməmişdir.

Yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edəndə də layihənin icrasının əleyhinə olan müəyyən dairələrin sponsorluğu ilə “Bakı-Tbilisi-Ceyhan kampaniyası” adlanan kampaniya başlanılmışdır. Onlar həmin layihənin nüfuzdan salınması üçün geniş fəaliyyətə başladılar. Layihəni regionun ekoloji fəlakəti adlandırdılar. Təəssüf ki, o zaman bəzi maliyyə qurumları da prosesi ləngitdilər. Ancaq Bakı-Tbilisi-Ceyhan artıq 11 ildir ki, fəaliyyət göstərir və o zamandan bəri burada xırda narahatlıq belə doğuracaq epizod olmamışdır. Bizim BP və digər tərəfdaşlarımızla həyata keçirdiyimiz bütün layihələr ən yüksək ekoloji standartlara cavab verir.

Bu səbəbdən eşidəndə ki, yenidən Cənub Qaz Dəhlizi və onun hansısa seqmenti ilə bağlı kimlərdəsə və haradasa narahatlıq var, biz dərhal 10 il bundan əvvəl baş verənləri xatırladıq. Həmin ssenari, həmin üsul və əminəm ki, nəticəsi də elə həmin cür olacaqdır. Biz “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirəcəyik. Biz bu uğura birgə nail olacağıq. Burada yeganə itirə biləcəyimiz zamandır. Biz isə nəyə görə vaxt itirməliyik? Vaxt pul deməkdir. Biz bu layihəni vaxtında icra etməliyik. Dediyim kimi, layihənin bütün seqmentləri - “Şahdəniz-2”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP paralel şəkildə icra olunmalıdır.

Təfərrüatına varmaq istəmirəm. Əminəm ki, bu mövzu ətraflı müzakirə olunacaq. Belə toplantıların əhəmiyyəti burada yalnız uğur və nailiyyətlərdən deyil, eyni zamanda, problem, çağırış və onların həlli yolları haqqında danışmaqdan ibarətdir.

Toplantının işinə uğurlar diləyir və bu gün bizimlə birlikdə olduğunuza görə bir daha minnətdarlığımı bildirirəm.

X X X

Azərbaycanın energetika naziri Natiq ƏLİYEV çıxış edərək dedi:

-Çox sağ olun, cənab Prezident. Mən Məşvərət Şurasının bütün iştirakçıları adından dərin məzmunlu nitqinizə, çox dəyərli tövsiyələriniz və göstərişlərinizə görə Sizə dərin minnətdarlığımızı bildirmək istərdim. Nazirlərin toplantısında Sizin iştirakınız bütün ölkələr, bütün iştirakçılar üçün çox vacibdir. Bundan əvvəlki iki toplantıda olduğu kimi, biz indicə eşitdiyimiz göstərişlərinizi, baxışlarınızı və fikirlərinizi çox yüksək qiymətləndiririk. Bir daha təkrar etmək istərdim ki, bu, bizə kömək edir. Sizin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyiniz, Sizin göstərişləriniz və dediyim kimi, səyləriniz bütün iştirakçıların öz öhdəliklərini yerinə yetirmələri üçün böyük əhəmiyyət kəsb edir. Çünki hazırda biz “Cənub Qaz Dəhlizi” layihəsini tamamlamağa çox yaxın mərhələdəyik. Bilirsiniz ki, çox böyük irəliləyişə nail olmuşuq. Lakin bəzi ölkələrdə bəzi maneələrin olduğunu hiss edirik və düşünürəm ki, nazirlərin bu toplantısı bizə layihəni uğurla tamamlamaq üçün doğru yolu tapmağa kömək edəcək.

Cənab Prezident, Sizə bir daha təşəkkürümü bildirmək və icazənizlə salamlama nitqi üçün sözü dostumuz, hörmətli qonağımız Maroş Şefçoviçə vermək istərdim.

X X X

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş ŞEFÇOVİÇ çıxış edərək dedi:

-Hörmətli cənab Prezident.

Təşəkkür edirəm cənab nazir.

Hörmətli nazirlər, beynəlxalq və maliyyə institutlarından olan həmkarlarım, konsorsiumun nümayəndələri, xanımlar və cənablar.

Mən artıq üçüncü dəfə mehriban ev sahibi olduğuna, memarlığın əsl şah əsəri hesab etdiyim bu gözəl binada bu gün nazirlər toplantısını təşkil etdiyinə görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu, bizim danışıqlarımız üçün gözəl ab-hava yaradacaq, ötən görüşümüzdən indiyədək “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində müşahidə etdiyimiz əhəmiyyətli irəliləyişə nəzər salmaq və hələ qarşıda gördüyümüz çağırışları müzakirə etmək üçün kifayət qədər vaxtımız olacaq.

İcazənizlə mən Prezident Əliyevi Brüsselə çox uğurlu səfəri münasibətilə də təbrik etmək istərdim. Çünki hesab edirəm ki, bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifə açdı. Səfər zamanı biz Azərbaycan ilə Avropa İttifaqını bir çox aspektlərdə, bir çox sahələrdə bir-birinə daha da yaxınlaşdıracağını hesab etdiyim yeni hərtərəfli çərçivə sazişi ilə bağlı danışıqlara başladıq. Əminəm ki, bu razılaşmanın yeni çərçivəsini müzakirə edəcəyimiz zaman enerji, enerji təhlükəsizliyi, bir çox digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər, sözsüz, diqqət mərkəzində olacaq.

Cənab Prezident öz nitqində Cənub Qaz Dəhlizinin bütün dəyər zəncirində, bu kəmərin bütün mühüm hissələrində tikinti prosesinin gedişatını çox yaxşı təsvir etdi. Düşünürəm ki, irəliləyişə təkcə kəmərin keçdiyi ölkələrdə göstərilən böyük səylər, görülən işlər sayəsində deyil, həm də bu masa ətrafında yaradılmış yaxşı yaradıcı mühit, mütəmadi məlumat mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə bağlı davamlı olaraq ortaya çıxan problem və çağırışları həll etmək üçün göstərilən səylər sayəsində nail olunub. Ona görə də, zənnimcə, iki günlük görüşümüz bizə layihənin irəliləyişini, qarşıda duran bütün çağırışları müzakirə etməyə daha bir imkan yaradacaq. Mən bu layihənin Avropa İttifaqı üçün, Avropanın enerji təhlükəsizliyi və şaxələndirmə planlarımız, rəqabətliliyi və Avropanın enerji təchizatının şaxələndirilməsini dəstəkləyən açıq likvid bazar kimi qalmasını təmin edən planlarımız üçün strateji əhəmiyyətini və bu çox mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını nə dərəcədə qiymətləndirdiyimizi bir daha vurğulamaq istərdim. Əminəm ki, Sizin qeyd etdiyiniz kimi, bu, bizim son bir neçə ildə qəbul etdiyimiz bütün strateji sənədlərdə, təhlükəsizlik strategiyasından tutmuş enerji birliyinə qədər, Avropa İttifaqının strateji layihəsindən tutmuş, bizim bir neçə həftə bundan əvvəl qəbul etdiyimiz enerji birliyinin vəziyyəti ilə bağlı ikinci hesabata qədər sənədlərdə öz əksini tapıb.

Mən, həmçinin beynəlxalq maliyyə institutlarının iştirakını və onlarla yaxşı əməkdaşlığı, o cümlədən Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankının layihəyə maliyyə dəstəyini yüksək qiymətləndirirəm. Mən çox şadam ki, bizim Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından olan həmkarlarımız da bu gün bizimlə buradadırlar. Mən onları - Avropanın maliyyə institutlarını da qitənin enerji təhlükəsizliyinin gələcəyi üçün strateji əhəmiyyət kəsb edən bu çox mühüm layihənin maliyyələşdirilməsini dəstəkləməyə cəlb etmək üçün yollar axtarmağa çağıracağam.

Biz cənab Prezidentlə bu il artıq dörd dəfə görüşmüşük. Həmçinin Qarsda təməlqoyma mərasimində iştirak etmişik. Salonikidə də təməlqoyma mərasimi olub. Düşünürəm ki, bu təməlqoyma mərasimlərinin İtaliyada tikilməli və çəkilməli olan yekun seqmentə doğru necə irəliləməsini görmək çox mühüm əhəmiyyət kəsb edirdi. Ona görə də mən xüsusilə çox şadam ki, nazir Kalenda buradadır. Çünki mən mərkəzi hökumətin ciddi dəstəyi ilə həyata keçirilən bütün bu böyükhəcmli işlərin, buradan başlayan və İtaliyada başa çatan bu uzun boru kəmərinin tikintisinin vaxtında yekunlaşmasının təmin edilməsi, uzun illərdən sonra bu qədər dəstəklədiyimiz şaxələndirmə vasitəsilə Avropaya yeni mənbədən yeni marşrutla yeni qazın çatdırılması üçün göstərilən səylərin tamamlanması məqsədilə bu layihənin uğurla həyata keçirilməsi üzərində Karlonun nə qədər səylə çalışdığını bilirəm.

Mən, həmçinin Cənub-Şərqi Avropadan, Balkan ölkələrindən olan həmkarlarımızın burada iştirak etdiyini bildirmək istəyirəm. Çünki biz onlarla CESEC təşəbbüsü çərçivəsində çox sıx işləyirik. Bu qısaltma Mərkəzi və Cənub-Şərqi Avropada daha yaxşı qaz bağlantısı üzrə yüksək səviyyəli qrupun adını ifadə edir. Biz bu əməkdaşlığa iki il bundan əvvəl başladıq, çünki biz Avropanın bu önəmli regionunda daha güclü enerji təhlükəsizliyinin təmin olunmasını, onların ən azından 3 fərqli qaz mənbəyinə çıxış əldə etməsini, bir qaz təchizatçısından həddən artıq asılılığın aradan qaldırılmasını istəyirdik. Qeyd etməliyəm ki, bu qrupda olan ab-hava çox gözəldir və biz çox qısa müddət ərzində bu əhəmiyyətli məqsədə nail olacaq prioritet təşkil edən layihələr üzərində razılığa gələ bildik.

Mən yunan və bolqar tərəfdaşlarımıza bu ölkələr arasında olan bağlantı ilə əlaqədar gördükləri möhtəşəm işlərə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Çünki bu işlər nəinki bu iki tərəf üçün, həm də region üçün, digər Avropa ölkələri ilə və əlbəttə ki, Cənub Qaz Dəhlizi və Azərbaycan ilə daha yaxşı bağlantı nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəcəkdir.

Beləliklə, cənab Prezident, nitqimin sonunda mən bizi Bakıda qəbul etdiyiniz və bu layihəyə güclü rəhbərlik etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz hamımız əldə olunmuş bu böyük tərəqqini vurğulamaq üçün fikir mübadiləsinin aparılmasını və layihənin vaxtında tamamlanmasını, Xəzər dənizindən hasil olunan qazın 2020-ci ilə qədər Avropaya çatdırılmasını təmin etmək üçün siyasi iradə və hazırlığın, eyni zamanda, biznes tərəfdaşlarımızın bu işə sadiqliyinin açıq şəkildə nümayiş etdirilməsini səbirsizliklə gözləyirik. Çox sağ olun, cənab Prezident.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib YENİLƏNİB-3 VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən REPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb