SİYASƏT
Bakıda “İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda toplantı keçirilmişdir
Bakı, 30 aprel (AZƏRTAC). Aprelin 30-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və İncəsənət Akademiyası tərəfindən “İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə bəşəriyyətin inkişaf paradiqmalarında baş verən dəyişikliklər, yeni təkamül modellərinin yaranması, bəşəriyyətin qarşılaşdığı mürəkkəb məsələlərin həlli yolları, iqlim dəyişikliklərinin həyata təsiri məsələləri müzakirə olunmuşdur.
Dünya Elm və İncəsənət Akademiyasının fəxri prezidenti İvo Şlaus müzakirə edilən mövzunun insanlıq üçün vacib olan məsələlərə həsr olunduğunu demişdir. İvo Şlaus demişdir ki, paradiqmalarda baş verən dəyişikliklər məsələsi bəşəriyyətin bundan sonra hansı istiqamətdə irəliləyəcəyini üzə çıxarmaq üçün vacibdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin müasir dövrün ən böyük dəyişikliyinin internet texnologiyalarının meydana çıxması olduğunu demişdir. O bildirmişdir ki, hazırda sürətlə yayılan mobil texnologiyalar insanların həyatında köklü dəyişikliklər yaradır, sərhədləri yox edir. Eyni zamanda, insanların həyatında, yaşam tərzində də dəyişikliklər baş verir. Müasir texnologiyalar yeniliklər təqdim etsə də, bəşəriyyətdə hələ də böyük problemlər mövcud olaraq qalır.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa dəyişikliklər paradiqmasından danışarkən qeyd etmişdir ki, bəşəriyyətin inkişafında həm sıçrayışlar, həm də təkamül yolu ilə baş verən inkişaf modelləri mövcud olmuşdur. Hazırda yeni paradiqmaların yaranmasında müəyyən ləngimələrin olduğunu deyən sabiq Prezident vurğulamışdır ki, elmin imkanları məhdud deyildir və yeni paradiqmalar meydana çıxdıqda onun hüdudlarının nə qədər geniş olduğunu görə bilərik. Xanım Vayra Vike-Freyberqa demişdir ki, insan ləyaqəti də paradiqmalardan biridir, lakin bu, hamı tərəfindən eyni şəkildə qəbul olunmur. Əgər bəşəriyyət daim yeni inkişaf paradiqmalarının yaranmasını istəyirsə, insanların qarşılıqlı hörmət şəraitində yaşamaları həyat normasına çevrilməlidir.
Dünya Elm və İncəsənət Akademiyasının icraçı direktoru Harri Yakobsun fikrincə, hazırda paradiqmalarda dəyişikliklər baş verir. O qeyd etmişdir ki, insanlar müasir dünyada iqlim dəyişiklikləri, iqtisadi böhran, işsizlik kimi problemlərlə qarşılaşırlar. Əsas məsələ də bu problemlərin həlli yollarının tapılmasıdır. Elə bir model yaradılmalıdır ki, onun köməyi ilə bəşəriyyətin əsas problemlərini həll etmək mümkün olsun.
Sonra toplantıda Beynəlxalq Avropa Hərəkatının baş katibi Dioqo Pinto, Dünya Elm və İncəsənət Akademiyasının prezidenti Heytor Qurqulino de Souza, Roma Klubunun rəhbərlərindən biri Ernst von Vayzsaker və başqaları çıxış etmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.
Çıxışında dəyərlərin, qanunların və institutların dəyişməsi və bu prosesdə idarəçiliyin rolundan danışan Mədəni Diplomatiya Akademiyasının prezidenti, Rumıniyanın sabiq dövlət başçısı Emil Konstantinesku təhsil, elm və siyasətin bir-birilərinə sıx bağlı olduğunu bildirmişdir. O demişdir ki, cəmiyyətin həyatına təsir göstərən siyasət universitetlərdə tədris olunmalı, siyasət isə öz növbəsində təhsil və elmdən bəhrələnməlidir. Sabiq Prezident qeyd etmişdir ki, intellektual həmrəylik dünyanın yeni siyasi xəritəsinin yaranmasında böyük rol oynaya bilər.
İnsan potensialının inkişafı üçün yeni paradiqmaların yaranmasında iqtisadi inkişafın rolunu xüsusi qeyd edən və Adam Smitin “Xalqların sərvəti” əsərindən nümunələr gətirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bütün sərvətlərin insanlar arasında bərabər paylanmasının və bunun dövlət tərəfindən tənzimlənməsinin zəruri olduğunu bildirərək demişdir: “Tam bərabərlik qanunlar qarşısında bərabərlik və bərabər imkanlar deməkdir”.
Daha sonra idarəçiliyin seçkilərə təsiri, hakimiyyətdə daha geniş təmsilçilik məsələlərindən danışan İ.Serageldin bu ideyaların aktuallaşdırılmasının və tez-tez müzakirə edilməsinin vacibliyini vurğulamışdır.
Toplantında insanların rifahını yaxşılaşdırmaq üçün dünyada mövcud maliyyə vəsaitlərinin məhsuldar iqtisadiyyata yönəldilməsinin önəmi qeyd olunmuşdur. Çıxış edənlər insanların rifahında xüsusi rol oynayan demokratiyanın daim təkmilləşdirilməsi və yeni formaya salınmasının zəruriliyini də bildirmişlər. Müzakirələrdə ətraf mühitin çirkləndirilməsi, insanların dünyaya, təbiətə vurduğu ziyan, təbii sərvətlərin qorunması kimi məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
Müzakirələrin sonunda Beynəlxalq Avropa Hərəkatı, Beynəlxalq Yaşıl Xaç, Ümumdünya Gələcək Şurası və digər təşkilatların təmsilçiləri dünyanın yeni paradiqmasının yaranması istiqamətində əməkdaşlıq və gələcəkdə atılacaq addımların növbəti toplantıda müzakirə edilməsi, həmçinin tərəfdaş təşkilatlar arasında anlaşma memorandumunun imzalanmasını qərara almışlar.