MƏDƏNİYYƏT
Bakıda yükgöndərmə və logistika mütəxəssisləri qrupunun doqquzuncu iclası keçirilir
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə Bakıda “Frontline Freight Networks”ün (FFN) 9-cu Qlobal İclası öz işinə başlayıb. FFN həm səlahiyyətli, həm də etibarlı yükgöndərmə və logistika mütəxəssisləri qrupudur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Hilton Bakı” otelində keçirilən konfransda müxtəlif ölkələrdən 40-dək nümayəndə iştirak edir. İşgüzar görüş iclasları formatında davam edən konfrans çərçivəsində iştirakçılar Bakının tarixi yerlərinə, o cümlədən “İçərişəhər”ə ekskursiya edəcək, habelə qala-gecəsinə qatılacaqlar.
Konfransın təşkilində əsas məqsəd işgüzar imkanları müzakirə etmək və fəaliyyətdə olan, eləcə də dünyanın hər yerindən cəlb edilən yeni üzvlərlə görüşməkdir.
Dünyanın hər yerində üzvləri olan təşkilatın illik konfransı FFN təqviminə uyğun olaraq keçirilir. Konfrans iştirakçılarını hər il fərqli ölkələrdə bir yerə toplayan FFN idarə heyətinin qərarına əsasən, budəfəki görüş məkanı Bakı seçilib. 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir. Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir.
Qurumun başlıca məqsədi dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, ölkəmizin nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.