REGİONLAR
Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır
Gəncə, 18 mart, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə 18 Mart – Çanaqqala Zəfərinin 109-cu, Türkiyənin İstiqlal marşının qəbul edilməsinin 103-cü ildönümləri ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzülüb. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Çanaqqala şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Anım mərasimində çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop Vətən uğrunda canından keçən türk və Azərbaycan şəhidlərini yad edib, qazanılan zəfərlərin əbədi olmasını diləyib. O qeyd edib ki, Türkiyə xalqı 109 il əvvəl Çanaqqalada böyük tarix yazıb. Çanaqqala Zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı Qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir. O, Türkiyə ilə Azərbaycan arasında olan tarixi dostluq və qardaşlıq əlaqələrinə də toxunub. Bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Baş konsul, eyni zamanda, Çanaqqala Zəfərindən ilhamlanaraq İstiqlal marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salıb.
Tədbirdən sonra Çanaqqala Zəfərinin 109-cu ildönümü ilə bağlı Samux rayonunda ağacəkmə aksiyası keçirilib.