SİYASƏT
BAŞ NAZİR QƏBUL ETMİŞDİR
Fevralın1-də baş nazir Artur Rasizadə Türkiyənin dövlət naziri, Türkiyə-Azərbaycan Müştərək İqtisadi Komissiyasının həmsədri Rəşad Doğrunu qəbul etmişdir.
Baş nazir qonağı salamlayaraq dedi ki, Türkiyə Azərbaycanla dost, qardaş və strateji tərəfdaş ölkədir. İqtisadi əməkdaşlığımızın daha da güclənməsi üçün hər iki tərəfdən konkret addımlar atılmalıdır.
A.Rasizadə Türkiyənin aparıcı şirkətlərini Azərbaycanla əməkdaşlığa cəlb etməyin əhəmiyyətini də vurğuladı. O bildirdi ki, bu, hər iki tərəf üçün eyni dərəcədə faydalı ola bilər.
Söhbət zamanı vurğulandı ki, hər iki ölkədə görülməkdə olan tədbirlər nəticəsində Azərbaycan-Türkiyə əməkdaşlığını yaxın gələcəkdə keyfiyyətcə yeni səviyyəyə qaldırmaq mümkün olacaqdır. Qeyd olundu ki, Türkiyənin şirkətləri bəzi neft müqavilələrində iştirak edirlər və onların səmərəli fəaliyyəti üçün ölkəmizdə hər cür şərait yaradılmışdır.
Görüşdə razılıqla vurğulandı ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri tikintisinin maliyyələşdirilməsi ilə bağlı məsələ artıq həll edilir və bu ilin ikinci yarısında kəmərin inşasına başlanacaqdır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihənin reallaşdırılması sahəsində işlər də uğurla gedir.
Şimal Dövlət Rayon Elektrik Stansiyasının yenidən qurulmasında, Ələt-Qazıməmməd avtomobil yolunun çəkilməsində və başqa mühüm obyektlərdə Türkiyə şirkətlərinin işindən razılıq ifadə olundu.
Cənab Rəşad Doğru türkdilli ölkələrlə işbirliyinin əhəmiyyətini, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük irəliləyişin, müsbət dəyişikliklərin baş verdiyini vurğuladı.
Azərbaycan-Türkiyə Müştərək İqtisadi Komissiyasının Bakıda keçirilən ikinci iclasında mühüm məsələlərin müzakirə edildiyini, protokol imzalandığını bildirən Rəşad Doğru dedi ki, Türkiyənin iş adamları Azərbaycanda müxtəlif sahələrə sərmayə qoyurlar. Hər iki dövlət indiyədək onları dəstəkləmişdir və bundan sonra da sərmayədarlara hər cür imkan yaradılacaqdır.
Nazir iqtisadi əlaqələrimizin inkişaf etdirilməsinin Qafqazda sülh və sabitlik yaradılması üçün də böyük əhəmiyyət daşıdığını vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunuldu.
Qəbulda baş nazirin müavini, Azərbaycan-Türkiyə Müştərək İqtisadi Komissiyasının həmsədri Abid Şərifov, ölkəmizin Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər iştirak edirdilər.