ELM VƏ TƏHSİL
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) "Heydər Əliyev gənclər siyasətinin banisidir" mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, moderator, BDU-nun Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev tədbirin əhəmiyyəti, ölkəmizdə gənclər siyasəti haqqında məlumat verib.
Tədbirdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə gənclər siyasətinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan gənclərinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Qeyd edilib ki, 1993-cü ildə Ümummilli Lider gənclərlə ilk görüşünü keçirib, onların problemləri ilə yaxından maraqlanıb və gənc nəslə müstəqil Azərbaycanda veriləcək böyük diqqəti ilk olaraq nümayiş etdirib. 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Azərbaycan gənclərinin I Forumu ölkəmizdə gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olub. Müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, 1997-ci ildə Ulu Öndərin təşəbbüsü ilə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, müvafiq dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” Fərman və genişmiqyaslı fəaliyyət proqramının təsdiq edilməsi ölkə gənclərinə göstərilən xüsusi qayğının təzahürü idi.
Ə.Ağamirzəyev qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti həm mahiyyət, həm də keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Sonra Milli Məclisin deputatları Ramin Məmmədov, Elnur Allahverdiyev, “İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, BDU-nun Geologiya fakültəsinin müəllimi Ələkbər Mirzəyevin çıxışları dinlənilib. Çıxışlarda qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir.