ELM VƏ TƏHSİL
BDU-da elmi seminar: Heydər Əliyev və Azərbaycan mediası
Bakı, 8 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsi və Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda növbəti elmi seminarı olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafı üçün geniş imkanlar yarandı. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışıb. Komitə sədri qeyd edib ki, Azərbaycanın inkişafı, dünyada tanınması və bugünkü nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır: “Azərbaycan 1993-cü ildə ağır bəlalardan qurtuldu, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmaqla ölkəni dağılmaqdan xilas etdi. Müdriklik, uzaqgörənlik, böyük siyasət - bu xüsusiyyətlər Heydər Əliyevə xas idi. Ulu Öndər Azərbaycan xalqının qəlbində daim yaşayacaq”, - deyə T.Rzayev vurğulayıb.
BDU-nun Jurnalistika fakültəsinin doktorantı Nərminə Əsədova “Ulu Öndər Heydər Əliyevin milli mətbuatın inkişafındakı xidmətləri” mövzusunda məruzəsində Ümummilli Liderin media sahəsində hüquqi bazanın yaradılması, KİV-in maddi-texniki təminatının genişləndirilməsi sahələrində misilsiz xidmətlərindən bəhs edib. Məruzəçi bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fakültə TEC sədri Günel Abbasova Ümummilli Lider Heydər Əliyevin cəmiyyətimizin “güzgüsü” olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdığına diqqət çəkib. Vurğulanıb ki, Azərbaycan mətbuatı yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas olub, inkişaf edib.
Sonra Jurnalistika fakültəsinin I kurs tələbəsi Nurlan Cəbrayılzadə, III kurs tələbəsi Şəms Hüseynli və Ataməli Əliyevin Ulu Öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişafındakı roluna dair məruzələri dinlənilib.