ELM VƏ TƏHSİL
BDU dünya universitetləri ilə 11 ikili diplom proqramı həyata keçirir
Bakı, 30 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) dünyanın elm və təhsil təşkilatları, mərkəzləri ilə əməkdaşlıq əlaqələrini ardıcıl şəkildə inkişaf etdirir. Təkcə ötən il dünyanın 289 təhsil və elm müəssisəsi ilə kollaborativ məqalə dərc olunub. BDU dünya universitetləri ilə bakalavriatura, magistratura və doktorantura səviyyələrində 11 ikili diplom proqramı həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə BDU-da “Fizikada müasir trendlər” mövzusunda keçirilən 8-ci beynəlxalq elmi konfransda universitetin rektoru Elçin Babayev məlumat verib. Rektor bildirib ki, son illərdə BDU-nun strukturu tamamilə yenidən formalaşdırılıb, yeni inzibati-idarəetmə sistemi qurulub, elm və təhsil üzrə yeni mərkəzlər, şöbələr, laboratoriyalar fəaliyyətə başlayıb. Hazırda BDU-da 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, 21 elmi-tədqiqat və 55 tədris laboratoriyası, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 elmi kitabxana, 1 filial, 1 kollec, 1 lisey, 11 inzibati-idarəetmə mərkəzi fəaliyyət göstərir.