ŞƏRH
Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir
Bakı, 15 aprel, AZƏRTAC
İranın İsrailə raket və dron hücumlarının ardınca əminliklə demək olar ki, geosiyasi arxitektura mahiyyət və məzmunca tamamilə yeni dövrə qədəm qoyub. Yeni periodun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iri güclər, bütövlükdə beynəlxalq birlik münaqişələrin aradan qaldırılması və yaxud hərbi toqquşmaların qarşısının alınması prosesində nəinki maraqlı deyil, əksinə bu gün beynəlxalq subyektlər, iri güclər dünyanın ayrı-ayrı bölgələrində yeni münaqişə ocaqlarının yaranması, gərginliyin artması, həmçinin ayırıcı xətlərin daha da dərinləşməsi prosesində özləri maraqlı görünür. Ən azından Cənubi Qafqazda biz bu prosesə artıq xeyli müddətdir ki, şahidlik edirik.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“Xüsusən aprel ayının 5-də Avropa İttifaqı, ABŞ və Ermənistan arasında məlum sammit və imzalanan sənəd də bunu deməyə əsas verir ki, artıq kollektiv Qərb səlibçi niyyətini gizlətmir. Təbii ki, Azərbaycan da proseslərin gedişatını diqqətlə izləyir və xüsusən nəzərə alsaq ki, artıq Üçüncü Dünya müharibəsi birbaşa ölkəmizlə həmsərhəd dövlətləri ağuşuna alıb. Məsələn, Rusiya kimi nəhəng bir dövlət artıq Ukraynada, həmçinin İran kimi qədim ənənələri olan bir ölkə artıq Yaxın Şərqdə münaqişənin birbaşa tərəfi olmaqla Dünya müharibəsinin faktiki iştirakçısına çevrilib. Baxmayaraq ki, hər iki dövlət uzun müddət cəhd göstərsə də, bu prosesdən yayınmağı bacarmadı. Azərbaycan isə çox gərgin, mürəkkəb geosiyasi bir regionda yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyev Vətən müharibəsində, daha sonra antiterror tədbirlərində, eləcə də aralıq cəza tədbirlərində yaratdığı yeni hərbi-siyasi konfiqurasiya ilə bölgəni qütblərarası ziddiyyətin qarşıdurma platforması olması təhlükəsindən qorumağı bacardı. Bu baxımdan, yalnız azərbaycanlılar yox, bölgənin bütün xalqları - Şimali Qafqazdan hətta Ermənistanın özünə qədər hər kəs Azərbaycan rəhbərinə minnətdar olmalıdır ki, regionun Suriya, yaxud Ukraynaya çevrilməsinə imkan verməyib. Əlbəttə, dövlətimizin başçısının andiçmə mərasimində də bildirdiyi kimi, bizdən hələ də əl çəkməyiblər və regionu münaqişəyə cəlb etmək üçün cəhdlər davam edir. Lakin xatırlayırsınızsa, 2022-ci il yanvar ayının 12-də möhtərəm Prezidentin yerli televiziyalara müsahibəsində həm də ifadə etmişdi ki, “biz istənilən ssenariyə hazırıq”. Nəticə etibarilə də müşahidələr də onu göstərir ki, Rusiya, İran kimi iri, qlobal güclərin belə bu prosesin qurbanına çevrilməsinə baxmayaraq möhtərəm Prezidentin 10 may 2023-cü ildə Şuşadan bəyan etdiyi kimi, “Azərbaycan bu gün sabitlik adasıdır”. Əlbəttə, bu, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətdir və Azərbaycan xalqı da, təbii ki, bu reallığın fərqindədir”,- deyə Milli Məclisin deputatı bildirib.
Onun sözlərinə görə, bu gün dünyanın qaynar qazana çevrildiyi bir vaxtda, ayrı-ayrı güclərin öz maraqlarını diktə etməyə çalışdığı bir dövrdə Azərbaycan Qafqaz kimi mürəkkəb bir regionda sabit yaşayır. İlk dəfə olaraq biz Cənubi Qafqazın yerləşdiyi təbii-coğrafi şəraiti öz maraqlarımıza uyğunlaşdıra, bu coğrafiyanı dividendimizə çevirməyi bacarmışıq. Əlbəttə, Azərbaycan xalqı da bunun fərqindədir: “Müharibələr və alovların içində olan bir dünyada sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin, Azərbaycanın hərbi-siyasi nailiyyətlərinin nəticəsidir. Üstəlik bu reallığa tarixin təbii axarında nail olunmayıb, bu, ciddi və gərgin əməyin, doğru xarici və daxili siyasətin, şaxələndirilmiş addımların sayəsində reallaşan bir situasiyadır”.