ŞƏRH
Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH
![Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH](/files/2024/2/1200x630/17160253214386721331_1200x630.jpg)
Bakı, 18 may, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı. Mehriban və dostluq şəraitində təməli qoyulan Azərbaycan-Belarus münasibətləri uğurla davam etdirilir. Hər iki ölkə bu münasibətlərin inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə səy göstərirlər. Dost ölkənin dövlət başçısının Azərbaycana səfəri həm də iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, gücləndirilməsinə çox əlverişli imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, səfər çərçivəsində dövlət başçılarının təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri, burada müzakirə olunan məsələlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcəyi şübhəsizdir. Prezidentlər görüş zamanı əməkdaşlığın müxtəlif aspektlərinə dair məsələləri ətraflı müzakirə etdilər. Keçirilən görüşlərdə müzakirə edilən məsələlər iki ölkə arasında yüksələn xətlə davam edən diplomatik münasibətlərə, reallaşdırılan birgə layihələrə yeni imkanlar açdı. Həmçinin iki ölkə arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi sənaye, turizm, iqtisadiyyat sahəsi ilə əlaqədar mühüm sənədlərin imzalanması gələcək inkişaf üçün yeni yollar açır və perspektivlər vəd edir.
“Prezident İlham Əliyev mətbuata verilən birgə bəyanatda Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, xüsusilə də erməni faşizmi üzərində qazanılan Qələbəyə diqqəti cəlb etdi və bildirdi ki, Cənubi Qafqazda Azərbaycan beynəlxalq hüququ, normaları tətbiq etmək və burada sülhü, əmin-amanlığı yaratmaq əzmindədir. Həm də ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlərə də nəzər yetirdi və bildirdi ki, artıq bu ərazilərdə çox böyük quruculuq işləri aparılır. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında fəal iştiraka dəvət etdi. Ümidvar olduğunu bildirdi ki, həmin şirkətlər bərpa-quruculuq işlərində gələcəkdə fəal iştirak edəcəklər”, - deyə A.Məmmədov vurğulayıb.
Keçmiş Sovet İttifaqının ən inkişaf etmiş regionlarından biri olan Belarusun şəhərsalma təcrübəsindən danışan deputat Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
“Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri, bu ərazilərin bərpasında Belarus Respublikasının da iştirak etmək istəyi məmnunluq doğurur. Bu gün Cənubi Qafqaz ölkəsi Azərbaycan Belarus ilə ən mühüm tərəfdaşlardan biridir. Qarşılıqlı maraqlar bundan sonrakı mərhələdə də Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirir və bu, hər iki ölkənin milli maraqları baxımından zəruridir”, - deyə Anar Məmmədov vurğulayıb.