İDMAN
Belarus millisinin məşqçisi: Bakıda keçirilən irimiqyaslı yarışlardan yalnız xoş anlar yadda qalır
Bakı, 27 aprel, L.Qurbanova, G.Mahmudlu, AZƏRTAC
Burada özümüzü doğma Vətənimizdəki kimi hiss edirik. Bakıda keçirilən irimiqyaslı yarışlardan yalnız xoş anlar yadda qalır. Şübhəsiz, hamı gimnastika üzrə Avropa və dünya çempionatının da Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə əmindir.
Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda mübarizə aparan Belarus yığmasının məşqçisi Lyubov Çerkaşina AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Məşqçi bildirib: “2019-cu il gimnastlar üçün ciddi sınaq illərindən biridir. Biz məşqçilər daim çalışırıq ki, yetirmələrimizin uğurları daha çox olsun. Buna görə durmadan yeni nailiyyətlər üçün işləyirik”.
Azərbaycanın bu yarışla paralel olaraq Formula 1 kimi mötəbər idman tədbirinə də ev sahibliyi etdiyini deyən L.Çerkaşina vurğulayıb: “Doğrudan da təəccüblüdür. Eyni vaxtda bu qədər vacib idman tədbirlərini bu cür yüksək səviyyədə necə təşkil edə bilirsiniz? Formula 1 yarışını şəhərin mərkəzində təşkil etmək - bu, sadəcə fantastikadır”.
Ölkəmizdə gimnastikanın inkişafından məmnunluğunu ifadə edən məşqçi bildirib: “Azərbaycanda gimnastikanın inkişafı dünyanın bir çox ölkəsi üçün nümunədir”.