SİYASƏT
Bərabərlik ideyasını sadə insanlara çatdırmaq lazımdır
Bakı, 27 aprel, AZƏRTAC
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Qlobal təhsil vasitəsilə inklüzivliyin və inteqrasiyanın təşviqi” mövzusunda bölmə iclasının iştirakçısı, Böyük Britaniyanın “1001 kəşf” qeyri-hökumət təşkilatının direktoru Əhməd Səlim AZƏRTAC-ın müxbirinə müsahibəsində müasir cəmiyyətlərdə mövcud olan nifrət və digər mənfi faktlar barədə fikirlərini bölüşüb.
O bildirib ki, belə mənfi təzahürlər üçün cəmiyyətin müəyyən əlamətlərinə görə (dini mənsubiyyət, siyasi baxışlar və s.) çoxluqdan fərqlənən ayrı-ayrı üzvlərinə istiqamətlənmə səciyyəvidir.
Ə.Səlim deyib: “Biz hansı ictimai qrupu təmsil etmələrindən asılı olmayaraq, bərabərlik ideyalarını sadə insanlara çatdırmağa çalışırıq. Bunun üçün müəyyən siyasi, iqtisadi hadisələr və proseslər səbəbindən bu və ya digər qruplardan olan şəxslərdə ayrı-ayrı xalqların və dinlərin nümayəndələrinə münasibətdə yaranan əsassız stereotipləri aradan qaldırmaq istiqamətində ümumi iş aparılmalıdır”. O bildirib ki, bu problemin həllini təhsildə görür. Mənşəyindən və hansı qrupu təmsil etməsindən asılı olmayaraq bütün alimlərin və elm xadimlərinin xidmətləri təhsil proqramında eyni dərəcədə işıqlandırmalıdır.
Təhlükəsizliyin təmin olunmasında və bütün bəşəriyyətin gələcək inkişafı üçün bu məsələnin həllinin əhəmiyyətini vurğulayan Ə.Səlim deyib: “Qarşıya qoyulan məqsədlərə çatmaq üçün biz bugünkü reallıqları nəzərə alaraq, medianın müxtəlif imkanlarından fəal istifadə etməli, müvafiq ideyaları kitablar, audiovizual materiallar vasitəsilə yaymalı, müxtəlif sərgilər, nümayişlər və digər tədbirlər keçirməliyik”.