SİYASƏT
Bərdədə Milli Qurtuluş Günü qeyd olunmuşdur
Bərdə, 15 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşlar.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirdə çıxış edərək, 21 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Tədbirdə YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilmiş, şəhərdəki 1 nömrəli incəsənət məktəbinin şagirdlərinin ifasında kompozisiya göstərilmişdir.