DÜNYA
BERLİN SENATI MÜHACİR UŞAQLARINTƏHSİLİNİ QAYĞI İLƏ DƏSTƏKLƏYİR
Kursların təşkilindən məqsəd məktəb yaşına çatmış mühacir uşaqların almandilli auditoriyalarda alman həmyaşıdları ilə birgə ümumi təhsilə cəlb olunması öhdəliklərinin reallaşdırılmasına yardımçı olmaqdan ibarətdir.
Senatın “Berliner Morgenpost” qəzetində dərc etdirdiyi məlumatda bildirilir ki, mühacir ailələrinə dövlət qayğısının təcəssümü kimi gerçəkləşdirilən dil bilgisi barədə minimum proqramı bu ailələrdən olan uşaq və gənclər mütləq yerinə yetirməlidirlər. Onlar yalnız bundan sonra ölkənin məktəblərində alman həmyaşıdları ilə birgə təhsilə qovuşa bilərlər və bu növ təhsil mühacir uşaqlara, gənclərə əsil vətəndaş, yüksək səviyyəli mütəxəssis olmaq üçün lazımdır.
Senatın Təhsil, Gənclər və İdman İdarəsinin təşkil etdiyi dil kursları 2006-cı ilin fevralından başlayaraq altı ay davam edəcəkdir. Kurslar təcrübəli müəllim kadrları ilə təmin olunacaqdır. Hər gün dörd saat davam edəcək dərslərdə uşaq və gənclərə alman dilində yazılı və şifahi nitq, bacarıq və vərdişləri aşılanacaqdır. Dil kursları bitdikdən sonra müdavimlər alman auditoriyalarına attestasiya olunacaqlar. Onların təhsilini gələcəkdə də dəstəkləmək məqsədi ilə təqaüd proqramları həyata keçiriləcəkdir. Attestasiya olunmuş mühacir uşaq və gənclərin içərisindən ən istedadlı 12 şagirdin təhsili Senatın təsis etdiyi “START” təqaüdü ilə (ayda 100 avro) dəstəklənəcəkdir.