Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib

Naxçıvan, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:

1. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi

4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

5. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri Vasif Talıbovun

M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Başa çatmaqda olan 2015-ci il istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədə qazanılmış bir sıra nailiyyətlərlə yaddaşlara həkk olunmuşdur. Cari il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. Bu seçkilərdə də ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirilmiş, Ulu Öndər tərəfindən əsası qoyulmuş davamlı inkişaf və tərəqqi siyasətinə səs verilmişdir.

Bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə bütün sahələr üzrə sabit və dinamik inkişaf qorunub saxlanılır. Uzun müddətdən bəri blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvan Muxtar Respublikası da ölkə başçısının bu qədim diyara göstərdiyi diqqət və qayğı sayəsində daim inkişaf edir.

Cari il dekabrın 1-də ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza növbəti səfəri Naxçıvanın tarixinə daha bir əlamətdar və yaddaqalan gün kimi yazıldı. Dövlət başçısı səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Günəş Elektrik Stansiyasının, Sənaye Kompleksinin, Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsinin, Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 saylı tam orta və Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəblərinin açılışında iştirak etmişdir.

Cari ildə də muxtar respublikada qarşıya qoyulmuş başlıca vəzifələr maliyyə vəsaitlərindən səmərəli istifadə etməklə əhalinin sosial-rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha keyfiyyətlə aparılması, təhsil, səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğun qurulmasından ibarət olmuşdur.

Əldə olunmuş nəticələr, müəyyən edilmiş hədəflərə nail olmağımız muxtar respublikamızda dinamik inkişaf səviyyəsinin saxlandığını bir daha sübut edir. Belə ki, iqtisadi inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsulun həcmi ötən illə müqayisədə 1,7 faiz artaraq 2 milyard 465 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 600 manata yaxın olmuşdur. Maddi istehsalın ümumi daxili məhsulda 62 faizlik paya malik olması isə iqtisadi tərəqqinin ən bariz nümunəsidir.

Davamlı və sabit inkişafın təmin olunmasında heç şübhəsiz ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası da mühüm rol oynamışdır. Məqsədli investisiya siyasəti, sahibkarlıq subyektlərinin inkişafına hərtərəfli dövlət qayğısı yeni istehsal müəssisələrinin fəaliyyətə başlamasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, idxalı əvəz edən məhsul istehsalının həcminin artmasına, daxili bazarın daha çox yerli məhsullarla təchiz olunmasına imkan vermişdir. 2015-ci ildə 62 yeni istehsal və xidmət sahəsinin yaradılması əhali tələbatının daha dolğun ödənilməsinə səbəb olmaqla yanaşı, idxaldan asılılığın azaldılmasına da müsbət təsir göstərmişdir. Yeni istehsal sahələrinin sayının artması və əhatə dairəsinin genişlənməsi nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsalı həyata keçirilir. Artıq 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla 343 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına təmin etmək mümkündür. Bütün bunlara isə ilk növbədə özəl sektora qayğı, yerli əmək və xammal resurslarından səmərəli istifadə nəticəsində nail olunmuşdur. Təkcə 2015-ci ilin ötən dövrü ərzində sahibkarlığın inkişafı məqsədi ilə muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36 milyon manatdan çox kredit verilmişdir. Görülmüş işlər isə öz növbəsində özəl sektorun ümumi daxili məhsulda 87 faizlik xüsusi çəkiyə malik olmasına səbəb olmuşdur.

Sahibkarlığın inkişafı eyni zamanda işsizlik probleminin ortadan qalxması deməkdir. 2013-cü il dekabrın 18-də qəbul olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasına dair Dövlət Proqramı” da yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərmişdir. 2015-ci ildə yeni yaradılan 2908 iş yerindən 2837-si və ya 98 faizi daimi iş yeri olmuşdur.

İqtisadiyyatda çoxşaxəliliyin təmin edilməsi prinsipinə uyğun olaraq muxtar respublikada yerli xammala əsaslanan, elm və əmək tutumlu, texnoloji nailiyyətləri özündə əks etdirən emal və istehsal müəssisələrinin istifadəyə verilməsi sənaye sektorunun üstün inkişafına səbəb olmuşdur. Görülən tədbirlərin nəticəsidir ki, sənayenin ümumi daxili məhsul istehsalında çəkisi artaraq hazırda 29 faizlik payla ilk yeri tutur. Ötən əsrin 90-cı illərinin əvvəllərində adi sənaye məhsuluna olan tələbatını ödəyə bilməyən muxtar respublikada bu gün müxtəlif növ və çeşiddə məhsul istehsal olunur. 2015-ci ildə sənaye məhsulunun həcmi ötən illə müqayisədə 2 faiz artaraq 917 milyon manata yaxın olmuş, istehsal olunan məhsulun isə 96 faizi özəl sektorun payına düşmüşdür.

İqtisadi inkişafda sənaye nə qədər mühüm əhəmiyyətə malik olsa da, ərzaq təhlükəsizliyinin təmin olunması və emal müəssisələrinin xammal təchizatının təşkili baxımından kənd təsərrüfatı hər zaman öz aktuallığını qoruyub saxlayır. Aqrar sektorun inkişafını və modernləşdirilməsini sürətləndirmək, kənd təsərrüfatı məhsulunun həcmi ilə yanaşı, onun ixrac imkanlarını da artırmaq məqsədilə 2015-ci il ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan olunmuşdur.

Kənd təsərrüfatında məhsuldarlığın intensiv amillər hesabına artırılmasında son illər qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası da müsbət təsir göstərmiş və aqrar sahənin davamlı inkişafı təmin olunmuşdur.

Məhsul istehsalçılarını stimullaşdırmaq məqsədilə aqrar sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına xüsusi təkan vermiş, 2015-ci ilin məhsulu üçün 61 min 414 hektar sahədə əkin aparılmışdır.

Əkinçilikdə məhsul istehsalının həcminin artırılmasında müasir əkin üsullarından istifadə, texnika parkının yaxşılaşdırılması, eləcə də mineral gübrələrdən lazımi qaydada faydalanmaq mühüm əhəmiyyət kəsb edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 180-i 2015-ci ildə olmaqla, son illər muxtar respublikaya 1685 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlığın gətirilməsi istehsalçıların əməyinin yüngülləşdirilməsinə çox böyük təsir etmişdir. Məhsuldarlığı artırmaq məqsədilə torpaq mülkiyyətçiləri 6025 ton mineral gübrə ilə təmin olunmuşdur.

Bitkiçiliyin inkişafı istiqamətində görülən işlər sırasında suvarma sistemlərinin təkmilləşdirilməsi mühüm yer tutur. Son illər yeni nasos stansiyalarının istifadəyə verilməsi, su anbarlarında yenidənqurma işlərinin aparılması, kanalların çəkilməsi torpaq sahələrinin su təminatını xeyli yaxşılaşdırmış, əkin sahələri genişləndirilmişdir. 2015-ci ildə meliorasiya və suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəticəsində 6 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir.

Məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının da tədarükü və satışı həyata keçiriləcəkdir.

Strateji əhəmiyyətinə görə taxılçılıq əkinçiliyin əsas sahəsi olaraq cari ildə də diqqət mərkəzində saxlanılmış, 36 min 237 hektar sahədən 106 min 282 ton məhsul tədarük olunmuşdur.

Ərzaq rasionunda xüsusi çəkisi ilə fərqlənən və əsas qida məhsullarından biri sayılan kartof istehsalında da müsbət dinamika saxlanılmışdır. 2015-ci ildə 2967 hektar əkin sahəsindən 45 min tondan çox məhsul əldə olunmuşdur ki, bu da ötən ilin göstəricisindən 9 faiz çoxdur.

Muxtar respublikanın torpaq-iqlim şəraiti burada ekoloji cəhətdən saf meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün əlverişli imkanlar yaradır. Bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramında nəzərdə tutulan tədbirlər də meyvə və tərəvəz istehsalına müsbət təsir göstərmişdir. 2015-ci ildə ötən illə müqayisədə meyvə istehsalının həcmi 41 faiz, tərəvəz istehsalının həcmi isə 23 faiz artmışdır.

Əhali tələbatının keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin olunmasında anbar təsərrüfatlarının, istixana komplekslərinin yaradılması da böyük əhəmiyyət daşıyır. 2015-ci ildə daha 7 istixana təsərrüfatının fəaliyyətə başlaması əhalinin ilin bütün fəsillərində təzə tərəvəz məhsulları ilə təchiz olunması imkanlarını artırmışdır. Mövsüm ərzində tələbatdan artıq toplanmış meyvə-tərəvəzin anbarlara tədarük olunmasını təmin etmək üçün isə cari ildə yeni soyuducu anbarların istismara verilməsi tədbirləri davam etdirilmiş, onların sayı 22-yə, tutumu isə 12 min 730 tona çatdırılmışdır.

Əkinçiliklə yanaşı, kənd təsərrüfatının digər mühüm və gəlirli sahəsi hesab olunan heyvandarlıq da diqqətdən kənar qalmamışdır. İri heyvandarlıq təsərrüfatlarının yaradılması, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri istehsal olunan ət və süd məhsullarının həcminin artması ilə nəticələnmişdir. Cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin davamı olaraq 2015-ci ildə muxtar respublikaya 249, bütövlükdə isə 1937 baş damazlıq cins mal-qara gətirilərək lizinq yolu ilə satışı həyata keçirilmişdir. “Heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması bu sahəyə olan marağı artırmışdır.

Muxtar respublikada fəaliyyət göstərən 64 quşçuluq təsərrüfatı quş əti və yumurtaya olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsini təmin etmişdir.

Daxili bazarda tələbatın yerli imkanlar hesabına təmin edilməsi məqsədilə balıqçılıq təsərrüfatı yaradılmış və təsərrüfatda muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə başlanılmışdır.

Kənd təsərrüfatının ənənəvi sahələrindən sayılan arıçılığın inkişafı da diqqət mərkəzində saxlanılmışdır. 2015-ci ildə arı ailələrinin sayı 70 mini ötmüş, arıçılıq təsərrüfatlarında 1396 ton bal istehsal olunmuşdur.

Aqrar sahədə məhsul istehsalının həcminin artırılmasında kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin də təsiri böyükdür. 2015-ci ilin ötən dövrü ərzində kənd təsərrüfatı istehsalçılarına ümumilikdə 19 milyon manatdan çox kredit verilmişdir.

Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq muxtar respublikada kənd təsərrüfatı məhsullarının bolluğuna nail olunmuş, tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Nəticədə aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 403 milyon manata yaxın məhsul istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur.

Aqrar sektor yalnız ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından deyil, həm də ekoloji tarazlığın qorunması istiqamətində də mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada ekologiyanın mühafizəsi sahəsində görülən tədbirlərin davamı olaraq 2015-ci ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 541 hektar sahədə meşəsalma və meşəbərpa işləri görülmüş, 446 mindən çox ağac və gül kolu əkilmişdir. “Kənd təsərrüfatı ili”ndə payız mövsümü keçirilən iməciliklər vaxtı ilk dəfə olaraq muxtar respublikada 50 hektar püstə bağı salınmışdır.

Dinamik inkişafın təmin edilməsində investisiya qoyuluşlarının da əhəmiyyəti çox böyükdür. 2015-ci ildə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 951 milyon manat təşkil etmişdir.

Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, kənd yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2015-ci ildə davam etdirilmiş, 16 kənd və 16 xidmət mərkəzi istifadəyə verilmiş, Naxçıvan şəhərində üç yaşayış binasının tikintisi, beş yaşayış binasının yenidən qurulması başa çatdırılmışdır. İctimai yaşayış binaları ilə yanaşı, fərdi mənzil tikintisinin də həcmində artım qeydə alınmış, əhalinin şəxsi vəsaiti hesabına tikilən mənzillərin sahəsi 371 min kvadratmetr təşkil etmişdir.

Hər bir bölgənin iqtisadi inkişafı rahat gediş-gəlişi, abad yolu ilə müəyyən olunur. Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulması işlərinə müvafiq olaraq 2015-ci ildə 61 kilometr uzunluğunda asfalt yol salınmış, Naxçıvan şəhərində yerüstü piyada keçidi istifadəyə verilmişdir. Göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə şəhərdaxili marşrutda istifadə üçün 7, beynəlxalq sərnişin daşınmasında istifadə üçün isə 2 avtobus alınaraq xəttə buraxılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında yenidənqurma işlərindən sonra “Şərq Terminalı”, Şərur və Ordubad şəhərlərində aviakassa binaları sərnişinlərin istifadəsinə verilmişdir.

Müasir dünyada informasiya texnologiyalarının nailiyyətlərindən bəhrələnmədən hər hansı bir sahədə tərəqqi əldə etmək mümkünsüzdür. Muxtar respublikada da informasiya və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. 2015-ci ildə belə tədbirlərin davamı olaraq Babək rayonunda yeni nəsil poçt və rabitə avadanlıqlarının quraşdırıldığı rabitə evi istifadəyə verilmişdir.

Enerji təhlükəsizliyinin təmin olunması bu gün dünyanın istənilən ölkəsi qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə blokada şəraitində yaşayan muxtar respublikamızda bu amil həyati əhəmiyyət kəsb edir. İstifadəyə verilən elektrik stansiyaları hesabına muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin edilmişdir. 2015-ci ildə 20 meqavat gücə malik Günəş Elektrik Stansiyasının istismara verilməsi isə gələcəkdə Naxçıvan Muxtar Respublikasının enerji təminatının tamamilə alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilməsinə imkan verəcəkdir.

İl ərzində istehlakçıların fasiləsiz olaraq təbii qazla təchiz edilməsi üçün mövcud infrastrukturun yenilənməsi diqqət mərkəzində saxlanılmış, Naxçıvan şəhərində smartkart tipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılmışdır. İstehlak olunan təbii qaz və elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilməsi təmin olunmuşdur.

Muxtar respublika iqtisadiyyatında müşahidə edilən dinamik artım meyilləri xarici ticarət əlaqələrinə də müsbət təsir göstərmişdir. 2015-ci ilin ötən dövründə xarici ticarət dövriyyəsinin həcmi 493 milyon 667 min ABŞ dolları həcmində olmuşdur. Ticarət əməliyyatlarının 412 milyon 920 mini ixracın, 80 milyon 747 mini idxalın payına düşür. İxracın idxalı üstələmə tendensiyası bu il də qorunub saxlanmış, müsbət saldo 332 milyon 173 min ABŞ dolları təşkil etmişdir.

Ölkəmizdə təhsilin inkişafı, müasir tələblər səviyyəsində qurulması, maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çünki təhsilə göstərilən qayğı ölkənin gələcəyinə göstərilən qayğıdır. İstifadəyə verilən yeni məktəb binalarının sayı ildən-ilə artaraq bütün yaşayış məntəqələrini əhatə edir. 2015-ci il də muxtar respublikamızda bu cəhətdən istisna təşkil etməmiş, Ordubad şəhərində 810 şagird yerlik 3 saylı, Babək rayonunun Nehrəm kəndində 990 şagird yerlik 2 saylı, Babək qəsəbəsində 360, Şərur rayonunun Kürçülü kəndində 234, Cəlilkənddə 270, Kürkənddə 198, Axaməd kəndində 192, Yuxarı Yaycı kəndində 144, Babək rayonunun Xal-xal kəndində 192, Ordubad rayonunun Tivi kəndində 216, Gilançay kəndində 96, Culfa rayonunun Qızılca kəndində 120, Gal kəndində 96 şagird yerlik məktəb binaları tikilmişdir.

İstifadəyə verilən hər bir təhsil müəssisəsində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılmış, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Hazırda ümumtəhsil müəssisələrində 600-dən çox elektron lövhə quraşdırılmış, məktəblərə 3800-dən çox kompüter verilmiş və onların 86 faizi internetə qoşulmuşdur.

Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmış, müsabiqə yolu ilə müəllim və şagird qəbulu həyata keçirilmişdir.

Təhsilin dövlət səviyyəsində himayə olunması həm kəmiyyət, həm də keyfiyyət baxımından irəliləyişin əldə edilməsinə səbəb olmuşdur. 2015-ci ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 1582 nəfəri ali məktəblərin, 577 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olan məzunların 313 nəfəri 500-700 arası bal toplamışdır. Yüksək nəticə ilə tələbə adını qazananlardan 8-i ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğı təkcə orta təhsil ilə məhdudlaşmamış, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün də nümunəvi şəraitin yaradılmasına diqqət artırılmışdır. Belə ki, 2015-ci ildə Şahbuz şəhərində 242 yerlik uşaq bağçası, Naxçıvan şəhərində və Sədərək rayonunda uşaq musiqi məktəbləri üçün müasir binalar tikilmişdir.

Təhsil üzrə infrastruktur quruculuğu tədbirləri təhsilin bütün pillələrini əhatə etmiş, ali və orta-ixtisas təhsilinin müasir tələblər səviyyəsində təşkili təmin edilmişdir. 2015-ci ildə Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun istismara verilməsi yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcəkdir. “Naxçıvan” Universitetində müasir tədris şəraitinin yaradılması və tədrisin daha keyfiyyətlə aparılması məqsədilə yeni universitet şəhərciyi istifadəyə verilmişdir.

Musiqi kadrlarının hazırlanmasında mühüm rol oynayan Naxçıvan Musiqi Kollecinin 2015-ci ildə 40 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş, Kollecin binasında yenidənqurma işləri aparılaraq maddi-texniki bazası gücləndirilmişdir.

Elmin inkişafına göstərilən qayğının nəticəsidir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclaslarından biri məhz muxtar respublikamızda keçirilmiş, tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində Distant Təhsil Mərkəzinin açılışı olmuşdur. 2015-ci ildə muxtar respublikada elm sahəsində fəaliyyət göstərənlərdən 2 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru alimlik dərəcəsini müdafiə etmişdir.

Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məqsədilə yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi muxtar respublikada həyata keçirilən sosial siyasətin tərkib hissəsinə çevrilmişdir. 2015-ci ildə Naxçıvan Respublika Xəstəxanası, Yoluxucu Xəstəliklər Mərkəzi, Şərur rayonunda Cəlilkənddə, Ordubad rayonunun Tivi kəndində həkim ambulatoriyaları, Babək qəsəbəsində, Şərur rayonunun Kürkənd, Kürçülü, Yuxarı Yaycı, Axaməd, Babək rayonunun Xal-xal, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Gal və Qızılca kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, sosial qayğıya ehtiyacı olan 16 nəfərə minik avtomobilləri verilmiş, 10 mənzil tikilmişdir.

Naxçıvan diyarı özünün zəngin mədəni irsi, ədəbiyyatı və incəsənət nümunələri ilə xalqımızın tarixinə əvəzsiz incilər bəxş etmiş, milli dəyərlərimiz hifz olunaraq nəsildən-nəslə ötürülmüşdür. Hər bir xalqı yaşadan onun milli dəyərlərinin - dilinin, adət-ənənələrinin, folklorunun, mədəniyyətinin mövcudluğudur. 2015-ci ildə Naxçıvan şəhərində xalq yaradıcılığı sərgisinin keçirilməsi milli dəyərlərimizin yaşadılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Milli dəyərlərin öyrənilməsində əvəzsiz mənbə olan tarixi abidələrin bərpası diqqət mərkəzində saxlanılmış, Şərur rayonunda Cəlilkənddəki Buzxana bərpa olunmuş, Naxçıvan şəhərində Möminə xatın türbəsində, Culfa rayonunda Əlincəqala tarixi abidəsində və Gülüstan türbəsində təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Bundan başqa Azərbaycan xalqının tarixi keçmişini şifahi xalq ədəbiyyatı əsasında əks etdirən ölməz yazılı abidə “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi muxtar respublikamızda da geniş şəkildə qeyd edilmişdir.

Heç şübhəsiz ki, bu gün sahib olduğumuz ən ali dəyərimiz milli dövlətçiliyimizdir. Dövlətin əsas rəmzlərindən sayılan bayraq isə xalqın varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq iradəsinin əsasıdır. Bayrağa sevgi vətənə sevgi, dövlətə sevgidir. 2015-ci ildə Rusiya arxivlərində aparılan elmi araşdırmalar nəticəsində Naxçıvan xanlığına məxsus dövlət və döyüş bayraqlarının aşkara çıxarılaraq Dövlət Bayrağı Muzeyinə təqdim olunması, Şahbuz şəhərində Bayraq Meydanının istifadəyə verilməsi dövlətçilik ideyalarının təbliğində mühüm əhəmiyyətə malikdir.

Tarixi keçmişimizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsində muzeylər əvəzsiz rol oynayır. Bu baxımdan onların qorunması, maddi-texniki bazasının möhkəmləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Cari ildə Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin, Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev muzeyinin istifadəyə verilməsi muzeylər şəbəkəsinin genişləndirilməsində, muxtar respublika tarixinin və ədəbi mühitinin tədqiqində yeni mərhələ təşkil edir.

Başa çatmaqda olan il muxtar respublikamızda bir çox şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə də yadda qalmışdır. Belə ki, cari ildə Naxçıvan torpağının yetirmələri olan görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin, böyük sərkərdə Cəmşid Naxçıvanskinin 120, həmçinin dövlət xadimi və ədib Nəriman Nərimanovun 145 illik yubileyləri təntənəli şəkildə qeyd edilmişdir.

2015-ci ildə muxtar respublikanın kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətinin səmərəli təşkili istiqamətində də müvafiq işlər görülmüş, milli mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir.

Muxtar respublikada hərbi təyinatlı tikinti-quruculuq işlərinin aparılması, maddi-texniki bazanın gücləndirilməsi, zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin döyüş ruhunun artırılması sahəsində də işlər davam etdirilmişdir. 2015-ci ildə Naxçıvan şəhərindəki hərbi hissədə yeni qərargah binası və əsgər yataqxanası, Soyuq döyüş bölgəsində əsgəri yaşayış kompleksi istifadəyə verilmiş, Daxili qoşunlarda xidmət keçən zabit-gizir ailələrinə yeni mənzillər verilmişdir.

Orduya göstərilən qayğının nəticəsi olaraq Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 203-ü ölkəmizin müxtəlif ali hərbi məktəblərinə, ümumtəhsil məktəblərini bitirmiş məzunlardan isə 36-sı ali hərbi və xüsusi təyinatlı məktəblərə qəbul olmuşdur.

Hüquq-mühafizə orqanlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin inzibati binası, Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin, Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin Culfa və Ordubad rayonlarında Avtomobillərin Müayinə mərkəzləri üçün binalar tikilərək istifadəyə verilmişdir.

İqtisadi sahədə dinamik inkişafın, məşğulluq səviyyəsinin yüksəldilməsinin, əhali arasında hüquq maarifinin, profilaktik tədbirlərin düzgün təşkilinin nəticəsi olaraq muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə qalmasına nail olunmuşdur.

2015-ci ildə yeni iş yerlərinin açılması, gəlirlərin səviyyəsinin artması əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, əhalinin sayı artaraq 443 min nəfəri ötmüşdür.

“Kənd təsərrüfatı ili”nin sosial-iqtisadi nəticələri göstərir ki, bu ildə təkcə kənd təsərrüfatında deyil, iqtisadiyyatın bütün sahələrində ciddi nailiyyətlər qazanılmışdır. Bu tərəqqiyə, inkişafa töhfəsini verənlərin əməyi isə yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 111 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilmiş, 6 nəfərə ali hərbi rütbə, 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu verilmiş, 1 nəfər Prezident təqaüdünə, 8 nəfər isə Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 31 nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmiş, 2 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə”, 56 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuş, 2 nəfər Naxçıvan Muxtar Respublika mükafatına, 2 nəfər isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Bu nailiyyətlərin qazanılmasında, Naxçıvan Muxtar Respublikasının inkişafında əməyi olanların hamısına təşəkkürümüzü bildiririk.

Aparılan təhlillər bir daha təsdiq edir ki, 2015-ci il muxtar respublikanın həyatında dinamik inkişafın növbəti mərhələsi olmuşdur. Lakin bütün bunlarla kifayətlənmək olmaz. Sosial-iqtisadi tərəqqidə davamlılığı təmin etmək, əhalinin daha yaxşı yaşamasına nail olmaq üçün dövlət orqanları qarşısında bir sıra mühüm vəzifələr durur.

Maliyyə Nazirliyi və onun yerli orqanları növbəti ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitdən qənaətlə və səmərəli istifadə olunmasına nəzarəti gücləndirməlidir.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları üzrə proqnozların icrasını təmin etməli, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin şərtlərinə əməl olunmasına nəzarət etməlidirlər.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsi və Vergilər Nazirliyi dövriyyədə olan nağd pul kütləsinin azalması üçün hesablaşmalar zamanı nağdsız əməliyyatlara üstünlük verilməsini, hüquqi və fiziki şəxslərə məxsus bank hesablarının işlək olmasını diqqət mərkəzində saxlamalı, ticarət və xidmət obyektlərindəki POS-terminalların dövriyyə həcminin artırılması üçün maarifləndirici tədbirlərin səmərəliliyini yüksəltməlidirlər.

Dinamik inkişafın davam etdirilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən daxili bazarın qorunmasına istiqamətlənmiş, idxalı əvəz edən məhsul istehsal etmək qabiliyyətinə malik istehsal müəssisələrinin yaradılmasına diqqət artırılmalıdır. Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmalıdır. Özəl sektorun inkişafı məqsədilə Sahibkarlığa Kömək Fondunun xətti ilə dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilməli, bu zaman ayrılan vəsaitin səmərəli istifadəsi və qaytarılma imkanları ciddi təhlil olunaraq düzgün qiymətləndirilməlidir.

Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin təkmilləşdirilməsini diqqətdə saxlamalıdır.

Dövlət Gömrük Komitəsi daxili bazarın qorunması istiqamətində tədbirlərini davam etdirməli, xarici ticarət iştirakçıları olan sahibkarlıq subyektləri ilə əməkdaşlığı daha da artırmalı, onları məlumatlandırmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları bitkiçilik məhsullarının yerli şəraitə uyğun əkilməsi, növbəli əkinin aparılması və torpaqların münbitliyinin artırılması ilə bağlı yerlərdə aparılan maarifləndirici tədbirlərin kəmiyyətindən çox keyfiyyətinə diqqəti artırmalıdırlar. Yeni texnologiyalardan, keyfiyyətli toxum sortlarından və mineral gübrələrdən səmərəli istifadə təmin edilməlidir. Əkin sahələrində su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə şırım üsulu ilə əkinə üstünlük verilməsi nəzarətdə saxlanılmalıdır.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadə hallarının qarşısını almalıdırlar.

Əkinçiliyin inkişafında su ehtiyatlarından səmərəli istifadə vacib məsələdir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi mütərəqqi suvarma metodlarının tətbiqini və rentabelli suvarma şəbəkələrinin qurulmasını, sudan istifadədə qənaətedici texnologiyaların tətbiqini davam etdirməli, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün müvafiq işlər görməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatı üçün yararsız torpaq sahələrində meşə və qoruyucu meşə zolaqlarının salınmasını davam etdirməli, mövcud fauna və floranın qorunması ilə bağlı tədbirləri daha da gücləndirməlidir.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında əkinçiliklə yanaşı, heyvandarlıq da mühüm əhəmiyyətə malikdir. Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə aparılan süni mayalandırma tədbirlərini davam etdirməlidirlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlak bazarında məhsulların keyfiyyətinə, müvafiq standartlara uyğunluğuna nəzarəti davam etdirməlidir.

Tikinti işlərində vaxtından əvvəl təmir işlərinə ehtiyac yaranmaması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keyfiyyət amilinə nəzarət gücləndirilməli, tikinti layihələri ciddi təhlil olunmalı, ayrılan vəsaitdən səmərəli istifadə edilməli, izafi xərclərə yol verilməməlidir.

Muxtar respublikada həyata keçirilən tədbirlər istehlakçıların fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına imkan yaradıb. Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə qaz və elektrik enerjisi itkilərinə yol verməməli, elektrik və qaz xətlərinin dayanıqlılığının təmin olunması istiqamətində tədbirlərə diqqəti artırmalıdırlar. Naxçıvan şəhərində müasir tipli qaz və elektrik sayğaclarının quraşdırılması davam etdirilməlidir.

Yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların müraciətlərinin yerində həll olunması, abadlıq-təmizlik işləri, istifadəyə verilmiş inzibati və sosial obyektlərin qorunması, yerli idarə və müəssisələrdə nizam-intizam diqqət mərkəzində saxlanılmalı, qanunsuz tikililərin aparılmasına yol verilməməlidir.

Təhsil Nazirliyi təhsil müəssisələri ilə muxtar respublikanın muzeyləri arasında interaktiv əlaqədən istifadəni davam etdirməli, müəllimlərin dərsə hazırlıq səviyyəsini və şagirdlərin dərsə davamiyyətini diqqətdə saxlamalı, təhsil müəssisələrinin maddi-texniki bazasının qorunmasına və onlardan səmərəli istifadəyə nəzarəti gücləndirməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvanın tarixi, etnoqrafiyası, folkloru, təbii sərvətlərinin öyrənilməsi istiqamətində elmi tədqiqatları davam etdirməli, ümumiləşdirici əsərlərin yazılmasını təmin etməlidir.

Ali təhsil müəssisələri ixtisaslı kadr hazırlığına ciddi yanaşmalı, nəzəri biliklərin öyrədilməsi ilə yanaşı bu biliklərin praktiki cəhətdən mənimsənilməsi üçün uyğun ixtisaslar üzrə hamiliyə götürülən təşkilatlarla birlikdə təcrübi məşğələlərin keçirilməsinə diqqəti artırmalıdırlar.

Səhiyyə Nazirliyi səhiyyə müəssisələrində intizamın yüksəldilməsini, tibb müəssisələrində quraşdırılan müasir avadanlıqlardan səmərəli istifadəni və onların qorunmasını təmin etməli, tibbi heyətin ixtisasartırma kurslarına göndərilməsini davam etdirməli, şəhər və rayonlarda, eləcə də kəndlərdə səhiyyə xidmətinin səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görməlidir.

Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi məktəblərinin fəaliyyətini gücləndirməli, ixtisaslı kadrların seçilməsi və düzgün yerləşdirilməsini təmin etməli, folklorumuzun, bütövlükdə milli dəyərlərimizin təbliği, turizm sektorunun inkişafı istiqamətində səylərini artırmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud şəxslərin sosial-tibbi reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası istiqamətində tədbirləri gücləndirməli, muxtar respublikanın tələbatına uyğun yeni peşə kurslarının açılmasını təmin etməlidir.

Hüquq-mühafizə orqanları maarifləndirmə, profilaktika tədbirlərini davam etdirməli, nizam-intizamı daha da möhkəmləndirməli, ictimai asayiş və sabitlik qorunmalıdır.

Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığına diqqət etməli, ehtiyatların qorunub saxlanması, əsgərlərin mövsümə uyğun geyim və yeməklərlə təmin olunması üçün tədbirlər görməlidirlər.

Fövqəladə Hallar Nazirliyi tikintiyə dövlət nəzarətinin qanunvericiliyə uyğun həyata keçirilməsinə, yanğın və digər mövsümi problemlərin qarşısının alınmasına yönəlmiş tədbirləri artırmalıdır.

Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında icra olunmasına nəzarəti artırmalı, bələdiyyələrin torpaq qanunvericiliyinə əməl etməsi üçün zəruri metodiki köməklik və maarifləndirmə tədbirləri həyata keçirməlidir.

Muxtar respublikanın kütləvi informasiya orqanları yaradılan şəraitdən düzgün istifadə etməklə öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, qəzet və televiziya əməkdaşları yaradıcılıq axtarışlarını artırmalıdırlar.

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Muxtar respublikanın əldə etdiyi bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin ideyalarına dərin sədaqətin bəhrələridir. Biz Ümummilli Liderimizin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa və inkişaf etdirməyə borcluyuq. Bunu isə bütün sahələrdə ən yüksək nəticələrə çatmaqla təmin etmək mümkündür.

Bu yolda uğurlar arzulayıram.

Sağ olun!

***

Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov çıxış ediblər.

“Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış ediblər.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi” təsdiq olunub.

Sonra gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilib.

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə müvafiq olaraq sessiyada Naxçıvan Muxtar Respublikası Ali Vəzifəli Şəxsinin Mərkəzi Seçki Komissiyasının üzvləri haqqında təklifinə baxılaraq təsdiq olunub.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq 2015-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış ikinci sessiyası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçin təhsil naziri: Məktəblərimizdə cinayətkarlar çalışır

Səməd Seyidov Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb

“Qız qalası əfsanəsi” filminin 100 ili tamam olur

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Yığma üzvü: Nəticəmizi dəstək sayəsində əldə etdik

Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər

Bakı və Moskva Rusiyanın Xankəndidə baş konsulluğunun yaradılması məsələsini müzakirə ediblər

Qum fırtınası haqqında bilmədiklərimiz

Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb

Malta və Kosovo NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Bakıda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mühazirə təşkil olunub

Gənc gimnastlar: Azərbaycanı Avropa çempionatında təmsil etmək əla hissdir

Bakıdakı Rus evində “Slavyan yazısı və mədəniyyəti günü” qeyd edilib

Zaqatalada 44 yaşlı qadın qətlə yetirilib

Azərbaycan Prezidenti: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir

Prezident: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik

Prezident İlham Əliyev: Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin legitim maraqlarını və narahatlıqlarını müdafiə edib

Türk Dövlətləri Təşkilatı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına

Yığmanın məşqçisi: Vətənə medalla dönmək qürurverici hissdir

Budapeştdə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycanın dörd idmançısı Batumidə keçirilən turnirin qalibi olub

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Səfir: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin və bütün region üçün mühüm mərhələdir

Laçında 32 ildən sonra keçirilən futbol yarışının qalibi müəyyən olub

Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri olub

Azərbaycan diplomatları Cümhuriyyətin qurucularının Fransadakı məzarlarını ziyarət ediblər

Nizami Kino Mərkəzində “Qarabağın cizgiləri” adlı sərgi açılıb

28 May - Müstəqillik Günü Bişkekdə qeyd olunub

Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər VİDEO

Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

Vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə diqqət yetirilir

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Çin Yeni Kaledoniyadan 18 vətəndaşını təxliyə edib

Azərbaycanın yeniyetmə rəssamlarının əsərləri Koreya Respublikasında sərgidə nümayiş olunur

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Pxenyan: Hərbi kəşfiyyat peykinin buraxılışı uğursuz olub

Kür çayı Tovuz rayonunda da fəsadlar törədib FOTO VİDEO

® ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!

Türkiyədə şəhid Məmmədağa Səfərovun adını daşıyan məktəbdə ona həsr olunan guşə açılıb

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2022-ci il 16 avqust tarixli 5/19 saylı Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə Mərkəzi Seçki Komissiyasının 2015-ci il 15 may tarixli 9/79 saylı Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasında 2024-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 2 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Naxçıvanda Dövlət Proqramının icrasının təşkili məqsədilə İşçi Qrupu yaradılıb

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinə sədrlik Türkiyəyə keçib

Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

BDU rektoru Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasında çıxış edib

Olimpiya Təsnifat turniri: Azərbaycan boksçusu ilk görüşündə qələbə qazanıb

Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən seminarda iştirak edir

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 134-cü kitabı çapdan çıxıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı qanunvericilik təkmilləşdirilir

® Bakıda “Yango” şirkətinin tərəfdaşı olan “Yes Park” taksi parkının açılışı olub

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Milli Məclisin komitə iclasında 2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Lvovun qubernatoru: Naxçıvanla ikitərəfli əməkdaşlığı intensivləşdirməkdə maraqlıyıq - MÜSAHİBƏ VİDEO

Cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb

69 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

“Qəbələ” baş məşqçisi ilə 3 illik yeni müqavilə imzalayıb

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edəcək

® “Kapital Bank”ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb

“Azərbaycanın milli dövlətçilik tarixində Cümhuriyyətin yeri” - dəyirmi masa

“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində 1311 nəfər iştirak hüququ qazanıb

Cümhuriyyət generalımızın həyatı: Göyçayda doğulub, müharibədə vuruşub, nazir müavini işləyib, Lvovda dərs deyib VİDEO

TÜRKPA-nın komissiya iclasında üzv ölkələrdə tibbi tullantılarla bağlı məsələlər müzakirə olunub

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

Azərbaycan Cüdo Federasiyasında dünya çempionları ilə görüş olub

ABAD-çı rəssam: Artıq ölkə daxilində deyil, həm də xaricdən sifarişlər alıram MÜSAHİBƏ

Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti Bakı Mühəndislik Universitetində olub

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən

Azərbaycan və Serbiyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub FOTO VİDEO

“Omar Kuboku” uğrunda konkur yarışları keçirilib

MEK kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir

Bakıda uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb VİDEO

Millinin sabiq futbolçusu: “Neftçi”nin avrokuboklardan kənarda qalması dünyanın sonu deyil

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Müstəqillik Günü qeyd edilib

Nərimanov rayonunda 10 kiloqram narkotik vasitə, 1 “Kalaşnikov” və 62 soyuq silah aşkarlanıb VİDEO

DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

“Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakıda keçiriləcək “Translogistica Caspian” sərgisinin proqramı açıqlanıb

Alimlər hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar

Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular bəlli olub

“Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizi ilə marafon təşkil edilib

Azərbaycanın əsas su anbarlarında ötən illə müqayisədə 4 milyard kubmetr artıq su toplanıb - EKSKLÜZİV

Milli Xalça Muzeyində 28 May – Müstəqillik Günü qeyd olunub

Şəkərabad-Babək şəhər-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda təmir-bərpa işləri aparılır VİDEO

Nigeriyada məscid çöküb: üç nəfər ölüb, yeddi nəfər yaralanıb

Əmək qanunvericiliyinə dair ixtisasartırma kursuna start verilib