CƏMİYYƏT
BEYLƏQANDA ANALİTİK TƏDQİQATLAR LABORATORİYASI AÇILMIŞDIR
Açılış mərasimində respublika ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov demişdir ki, Türkiyə, İran və Ermənistanın çirkab sularının daşıyıcısı olan Araz çayı ciddi transsərhəd çirklənməyə məruz qalmaqla yanaşı, eyni zamanda əhalinin suya tələbatının ödənilməsində də istifadə olunur. Beyləqan şəhərində açılan laboratoriyanın əsas məqsədi fasiləsiz müşahidələr aparmaqla, suyun tərkibi barədə məlumatı operativ surətdə Səhiyyə Nazirliyinə, “Azərsu” Səhmdar Cəmiyyətinə, su istifadəçilərinə, digər dövlət orqanlarına, qonşu dövlətlərin və beynəlxalq təşkilatların respublikamızdakı nümayəndəliklərinə təqdim etməkdir. Qazax rayonunda da Kür çayının suyunun tərkibini müəyyənləşdirmək məqsədi ilə beynəlxalq standartlara cavab verən analitik tədqiqatlar laboratoriyası fəaliyyətə başlamışdır.
Natiq demişdir ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, nazirlik bu sahədə ardıcıl, məqsədyönlü tədbirləri davam etdirəcək, yaxın vaxtlarda analoji laboratoriya Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayacaqdır.
Açılışı bildirən rəmzi lent kəsilmiş, iştirakçılar laboratoriya ilə tanış olmuşlar.