REGİONLAR
Beyləqanın əmək kollektivləri “Bizi qarşıla Vətən torpağı” adlı intellektual yarışda iştirak ediblər
Beyləqan, 26 sentyabr, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş "Bizi qarşıla Vətən torpağı" adlı intellektual yarış təşkil olunub. Pandemiya dövrünün tələblərinə uyğun keçirilən yarışda əmək kollektivlərinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova tədbirdə çıxış edərək bildirib ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəlməsinə, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə yiyələnmələrinə nail olmaqdır.
Tədbirin aparıcısı Rafiz İsmayıllı ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, 44 günlük Vətən müharibəsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə onların göstərdikləri fədakarlıqlardan danışıb.
Yarışda komandalara 44 sual ünvanlanıb. Yarışın üçüncü mərhələsində rayonun ictimai həyatında fəal olan ziyalılar, müəllimlər, tələbələr tərəfindən videoformatda suallar səsləndirilib. Sonda qalib komandaya diplom və hədiyyələr, digər komandalara fəxri fərmanlar təqdim olunub.