İQTİSADİYYAT
BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI AZƏRBAYCANA GÜZƏŞTLİ KREDİT AYIRMIŞDIR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf üçün kredit haqqında Saziş”i (Maliyyə sektoruna texniki yardım layihəsi) təsdiq etmişdir.
Maliyyə sektoruna Texniki yardım layihəsinin əsas məqsədi Azərbaycan Hökumətinin maliyyə sektorunda inkişaf strategiyasının dəstəklənməsindən, o cümlədən, bank infrastrukturunun, bank nəzarətinin gücləndirilməsi, bankların yenidən qurulması və onların fəaliyyət istiqamətlərinin genişləndirilməsinə texniki yardımın göstərilməsindən ibarətdir.
Layihənin ümumi məbləği 6,3 milyon ABŞ dollarıdır. Bunun 5,4 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) tərəfindən, 0,9 milyon dolları isə Azərbaycan Hökuməti tərəfindən maliyyələşdiriləcəkdir.
Kredit BİA-nın standart kreditidir, 10 il güzəştli dövr olmaqla, 35 il müddətinə verilir. İstifadə olunan vəsaitlərə görə faiz dərəcəsi 0,75 faiz, istifadə olunmamış vəsaitlərə görə isə faiz dərəcəsi 0,50 faizdir. Əsas vəsait 2011-ci ildən 2036-ci ilə qədər ildə iki dəfə ödəniş həyata keçirilməklə Dünya Bankına ödəniləcəkdir.
Layihənin 4 il müddətində icra olunması nəzərdə tutulur.
Milli Bankın Mətbuat xidməti