SİYASƏT
Binəqədi gənclərinin Milli Təhlükəsizlik Nazirliyinin “Şöhrət” muzeyinə ekskursiyası təşkil olunmuşdur
Bakı, 11 iyun (AZƏRTAC). Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyinə ekskursiya təşkil edilmişdir.
Ekskursiyada rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və rayon gənclər və idman idarəsinin əməkdaşları, müxtəlif ərazi ilk partiya təşkilatlarının nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlara Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyi haqqında geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, muzey Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə 2006-cı il martın 27-də açılmışdır.
Bildirilmişdir ki, muzey 3 hissədən ibarətdir. Birinci hissə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dövrü, ikinci hissə Ulu Öndərin Azərbaycanın təhlükəsizlik orqanlarına və ölkəyə rəhbərlik etdiyi, SSRİ-nin rəhbərliyində təmsil olunduğu dövrdəki fəaliyyəti haqqında, üçüncü hissə isə dahi şəxsiyyətin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrü əhatə edir. Muzeyin bütün bu bölmələrində ən müxtəlif eksponatlar nümayiş olunur.
Sonra qonaqlar Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində ümummilli liderin SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı vaxtlardan başlayaraq fəaliyyətinin ən müxtəlif dövrlərini əks etdirən zəngin arxiv materialları, orijinal sənədlər, Ulu Öndərin xidmət zamanı layiq görüldüyü orden və medallar, keçirilən əməliyyatlar haqqında sənədlər və digər eksponatlarla tanış olmuşlar.
Bildirilmişdir ki, muzeydə nümayiş olunan eksponatların köməyi ilə Ümummilli Liderin mənalı həyatı, xalqımızın, millətimizin rifahına, xoş gələcəyinə yönəldilmiş fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılır, muzeyə təşrif buyuran qonaqlar hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı zəngin məlumat əldə edə bilirlər.
Muzeydə nümayiş olunan zəngin eksponatlarla tanışlıqdan sonra qonaqlar üçün Ulu Öndər haqqında videofilm nümayiş olunmuş, gəncləri maraqlandıran müxtəlif suallar ekskursiya rəhbəri tərəfindən cavablandırılmışdır.