ELM VƏ TƏHSİL
Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 44 iş müzakirəyə çıxarılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 2021-ci ildə sonuncu - 12-ci iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, onlayn təşkil edilən iclası AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova açaraq dekabrda keçirilən mühüm elmi-kütləvi tədbirlər barədə məlumat verib, gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İclasda biologiya və tibb elm sahələri üzrə dissertasiya mövzularının təsdiqi üçün 44 iş müzakirəyə çıxarılıb.
Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.
Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 39 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, digər işlər təkrar baxılmaq üçün geri qaytarılıb.
İclasa yekun vuran akademik İradə Hüseynova 2021-ci il ərzində keçirilmiş 12 iclasda 300-dən çox işin müzakirə edildiyini və müvafiq qərarlar qəbul olunduğunu vurğulayıb.