İDMAN
Birinci Avropa Oyunları zamanı yol hərəkətinin tənzimlənməsində fəal iştirak edən yol polisləri mükafatlandırılıb
Bakı, 15 iyul, Məmməd İsayev, AZƏRTAC
Birinci Avropa Oyunları zamanı yol hərəkətinin tənzimlənməsində fəal iştirak edən yol polislərinin bir qrupu iyulun 15-də mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən yol polisi-sürücü münasibətləri layihəsi çərçivəsində təşkil edilən tədbirdə Milli Məclisin deputatları, QHT nümayəndələri və yol polisi əməkdaşları iştirak ediblər.
Birliyin sədri Elməddin Muradlı bildirib ki, layihənin məqsədi yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inamın daha da artırılmasıdır. Qeyd edilib ki, dövlət yol polisi əməkdaşları birinci Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı qarşıya qoyulmuş məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələrək yüksək xidməti peşəkarlıq nümayiş etdiriblər. Yarışların ölkəmizdə əmin-amanlıq şəraitində keçməsi üçün hüquq mühafizə orqanlarının, o cümlədən yol polisi əməkdaşlarının xidməti və fədakar fəaliyyəti vətəndaşlarımız və ölkəmizə gəlmiş çoxsaylı qonaqlar tərəfindən razılıqla qarşılanıb.
BŞDYPİ-nin şöbə rəisi Fərhad Eyyubov xidmət əməkdaşlarının hər zaman yol hərəkəti təhlükəsizliyinin keşiyində səmərəli fəaliyyət göstərməyə hazır olduqlarını deyib.
Polis generalı, daxili işlər nazirinin sabiq müavini, daxili işlər orqanlarının “Əməkdar işçisi” Kamil Məmmədov Prezident İlham Əliyevin qətiyyəti və gərgin səyləri, Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil oldunduğunu vurğulayıb. Azərbaycanın dünyada daha geniş təbliğində Oyunların əhəmiyyətindən söz açan K.Məmmədov deyib ki, birinci Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan polis əməkdaşları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək əsl vətənpərvərlik nümunəsi göstəriblər.
Digər çıxış edənlər də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında və tənzimlənməsində dövlət yol polisi əməkdaşlarının rolundan söz açıb, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda birinci Avropa Oyunlarında nümunəvi xidmətlər göstərmiş 31 dövlət yol polisi əməkdaşına diplomlar və mükafatlar təqdim olunub.