RƏSMİ XRONİKA
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ “UŞAQ HÜQUQLARI HAQQINDA” KONVENSİYASINA UYĞUN OLARAQ AZƏRBAYCAN RESPUBLİKASININ QƏBUL ETDİYİ ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏSİ İLƏ BAĞLI DÖRDÜNCÜ DÖVRİ HESABATIN HAZIRLANMASI VƏ TƏQDİM OLUNMASI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına Azərbaycan Respublikasının qoşulduğunu nəzərə alaraq və həmin Konvensiyanın müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə dördüncü dövri hesabatın hazırlanmasını və Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Komitəsinə təqdim olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə dördüncü dövri hesabatın hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrup yaradılsın:
İşçi qrupun rəhbəri
Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
İşçi qrupun üzvləri
Rüstəm Usubov - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
İradə Hüseynova - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Natiq Məmmədov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Həmid Bağırov - - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini
Cavanşir Məmmədov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin rəisi
Murad Nəcəfbəyli - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi
Faiq Qurbanov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
2. İşçi qrupa tapşırılsın ki, 6 ay müddətində bu Sərəncamın birinci bəndində göstərilən hesabatın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın birinci bəndində göstərilən dördüncü dövri hesabatın hazırlanıb baxıldıqdan sonra 2009-cu il sentyabrın 11-dək Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Komitəsinə təqdim olunmasını təmin etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2008-ci il.