SİYASƏT
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində məzunların təqdimatı keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Bakı Konqres Mərkəzində “İnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində müxtəlif ölkələrdən olan məzunların təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Sivilizasiyalar Alyansının Bakı Forumunun əhəmiyyətini vurğulayıb. O, Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, BMT-nin Sivilizasiyalar Alyansının həyata keçirdiyi fəaliyyət əsasən miqrasiya, təhsil, kütləvi informasiya vasitələri və gənclərə yönəldilib. Ədalətli, sülhsevər və inklüziv cəmiyyətlərin təbliği həm miqrasiya, həm də təhsil sahəsində mövcud olan çətinliklərin öhdəsindən gəlməyi tələb edir. Qlobal Forumda 6 qitədən gənclərin təmsil olunduğunu deyən Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, gənclər inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində görülən işlər baxımından əsas qüvvələrdir.
Sonra BMT-nin müxtəlif təşkilat və proqramlarının üzvləri insan haqları, mədəniyyətlərarası dialoq, sülh, əmin-amanlıq, vətənpərvərlik, miqrasiya, müxtəlif ictimai və sosial mövzularda fotoslaydlarını təqdim edib, Forum iştirakçıları ilə təəssüratlarını bölüşüblər.
Almaniyanın Azərbaycandakı keçmiş səfiri xanım Haydrun Tempel təqdimatları yüksək qiymətləndirib, bu proqramların dəstəklənməsinin vacibliyini bildirib, gənclərin fəaliyyətinə uğurlar arzulayıb.