ELM VƏ TƏHSİL
Brüsseldə dil məsələləri müzakirə olunub
Brüssel, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Brüsseldəki səfirliyimizdə keçirilən görüşdə Azərbaycan mədəniyyətinin təbliği və bu mədəniyyətin tərkib hissəsi olan Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi məsələsinin aktuallığı qeyd edilməklə Azərbaycan dilinin tədrisi və tətbiqi məsələləri müzakirə edilib, həftəsonu məktəblərinin yaradılması və Azərbaycan dilinin tədrisinə başlanılmasının zəruriliyi vurğulanıb.
Professor Sevinc Əliyeva tədbirdə iştirak edən diaspor nümayəndələrinin suallarını cavablandırıb, onlara Azərbaycan dilinə dair tədris vəsaitləri, Azərbaycan və dünya xalqlarının müxtəlif nağılları və hekayələrinin, Azərbaycan yazıçı və şairlərinin yaradıcılığından seçilmiş nümunələrin səsləndirildiyi müxtəlif diskləri təqdim edib. Görüşdə, həmçinin yaxın vaxtlarda Azərbaycan şifahi ədəbi dilinin tələffüz qaydalarına uyğun bədii qiraət nümunələrinin hazırlanması istiqamətində Belçikada həmvətənimizin təsis etdiyi studiya ilə əməkdaşlığa dair razılıq əldə olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel