SİYASƏT
Bu gün Azərbaycan Respublikası beynəlxalq aləmdə öz sözünü deyə bilən dövlətdir
Bakı, 27 may (AZƏRTAC, Samirə Allahverdiyeva). Mayın 27-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan dövlətçilik tarixinin şanlı və parlaq səhifələrindən olan 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 96 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirmişdir. O, müsəlman Şərqinin cəmi 23 ay mövcud olan ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını qeyd etmişdir.
Natiq 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasını bu gün regional miqyasda və beynəlxalq aləmdə öz sözünü deyə bilən dövlət kimi səciyyələndirmişdir. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının müstəqillik yolunda dönmədən irəlilədiyi bildirilmişdir.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı Azərbaycan xalqının istiqlal mübarizəsi tarixindən bəhs etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının türk-müsəlman dünyasında demokratik və çağdaş dəyərlərin, insan hüquq və azadlıqlarının, eləcə də dünyəvilik prinsiplərinin hakim olduğu cəmiyyət quruculuğuna böyük stimul olduğunu diqqətə çatdırmışdır.
Bayram tədbiri Əməkdar Artist Azərinin ifasında vətənpərvərlik mövzusunda mahnıların səsləndirilməsi ilə davam etmişdir.
Sonda rayon gənclərindən ibarət və Azərbaycan ordusunun qoşun növlərinin hərbi formalarını geyinmiş “Şahinlər” komandasının üzvləri “Çırpınırdın, Qara dəniz” mahnısının sədaları altında səhnəyə çıxaraq Azərbaycan bayrağını dalğalandırmışlar.