İDMAN
Budo üzrə beynəlxalq turnirin iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 4 may, AZƏRTAC
Bakıda keçiriləcək budo döyüş növləri üzrə beynəlxalq turnirin iştirakçıları mayın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, mayın 5-də Bakı İdman Sarayında budo döyüş növləri üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanıstan, İran, Gürcüstan, Özbəkistan, Zimbabve, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 600-ə yaxın idmançı çıxış edəcək. Yarışlarda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparacaqlar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.
Turnirin açılış mərasimi mayın 5-i saat 15:00-da olacaq.