SİYASƏT
BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı “Odlar Yurdu” adlı silsilə təqdimatlara başlamışdır
Bakı, 24 noyabr (AZƏRTAC). BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı (AKTT) azərbaycanlı tələbələrin təhsil aldığı Koreya Respublikasının universitetlərində Azərbaycanla bağlı “Odlar Yurdu” adlı silsilə təqdimatlara başlamışdır. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki,
ilk tədbir Kyungpook Dövlət Universitetinin (KDU) sosial elmlər fakültəsində təşkil olunmuşdur.
KDU-nin tələbəsi Gülçin Tağıyeva və təşkilatın digər üzvü Anar Muradov tədbir iştirakçılarına Azərbaycanın qədim və müasir tarixi, incəsənəti, iqtisadiyyatı, milli sərvətləri, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat vermişlər. Azərbaycanla bağlı videoçarxlar nümayiş etdirilmiş, ölkəmiz haqqında ingilis və Koreya dillərində müxtəlif jurnal, kitab və broşürlər paylanmışdır.
Tədbirdə çıxış edən sosial elmlər fakültəsinin professoru Lee Jong Tae tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirmiş, onlara uğurlar arzulamışdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Təqdimatların əsas məqsədi Azərbaycanı daha yaxşı tanıtmaq, Koreyadakı azərbaycanlı tələbələrin ictimai fəallığını artırmaq və təşkilatın işində yaxından iştirakını təmin etməkdir.