SİYASƏT
CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ QEYRİ-ADİ TƏDBİR
Martın 7-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun iştirakı ilə qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində məhkumların hüquqlarının təmin olunmasına həsr edilmiş seminar keçirilmişdir.
Tədbirdə Ədliyyə Nazirliyinin, Qadın Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər, İdman və Turizm Nazirliklərinin rəhbər şəxsləri, bir sıra mötəbər beynəlxalq təşkilatların, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, məhkum qadınlar və yetkinlik yaşına çatmamışlar da iştirak etmişlər.
Məhkumların əmək, təhsil, məişət və istirahət şəraiti ilə tanış olan qonaqlar, o cümlədən ABŞ-ın və digər səfirliklərin nümayəndələri məhkumların saxlanması şəraitinin yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən real tədbirlərdən məmnun qaldıqlarını, gördükləri şəraitin onlarda müsbət təəssürat yaratdığını bildirmişlər.
Sonra seminar öz işinə başlamışdır. Tədbiri giriş sözü ilə açan ədliyyə naziri Fikrət Məmmədov məhkumların da iştirak etdiyi belə tədbirin Ədliyyə Nazirliyi tərəfindən artıq üçüncü dəfə keçirildiyini vurğulamış və bu faktın Azərbaycanda cəzaçəkmə yerlərinin açıq olduğunu bir daha sübut etdiyini bildirmişdir.
Ədliyyə naziri ölkəmizdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində penitensiar islahata xüsusi diqqət yetirildiyini, törətdiyi əməldən səmimi peşimançılıq çəkən, islah olunmuş məhkumlara Azərbaycan dövlətinin laqeyid qalmadığını vurğulamışdır.
Belə humanist siyasətin təzahürü kimi, nazir 1995-ci ildən etibarən ölkəmizin Prezidenti tərəfindən 2500-dək məhkumun əfv edildiyini, dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktlarının 64 minə qədər şəxsə tətbiq olunduğunu xatırlatmışdır.
Azərbaycanda qadın probleminə, yeniyetmələrin hərtərəfli inkişafına və onların hüquqlarının müdafiəsinə yönəlmiş ardıcıl dövlət siyasətinin aparıldığını bildirən nazir bu sahədə qəbul edilmiş qanunlar və həyata keçirilən konkret tədbirlər barədə ətraflı məlumat vermiş, ənənə xarakter alan bu tədbirin məhz 8 Mart Qadınlar günü, özü də qadınlar üçün cəzaçəkmə müəssisəsində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, bütün məhkum qadınları bayram münasibətilə təbrik etmiş, onların cəmiyyətə əsl vətəndaş, əsl Azərbaycan qadını kimi qayıtmalarının hamının arzusu olduğunu bildirmişdir.
Seminarda çıxış edən İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev və ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov məhkumlarla treyninqlərin keçirilməsinin praktiki əhəmiyyətini vurğulamışlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi Gerald Staberok seminarı təşkil etdiyinə görə Ədliyyə Nazirliyinin rəhbərliyini təşəkkürünü bildirmiş, mövzusuna, xüsusilə keçirildiyi yerə görə seminarı nadir hadisə kimi qiymətləndirmişdir. O, belə tədbirlərin keçirilməsinə cəmiyyətdə gedən demokratikləşmə prosesinin real təzahürü kimi ATƏT tərəfindən xüsusi əhəmiyyət və dəstək verildiyini bildirmişdir.
Seminarda Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Dilruba Camalova, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər, İdman və Turizm Nazirliklərinin nümayəndələri çıxış edərək, məhkum qadınların və yetkinlik yaşına çatmamışların sosial reabilitasiyası üçün dövlət tərəfindən görülən tədbirlərdən danışmışlar.
Sonra seminar öz işini ATƏT-in ekspertlərinin iştirakı ilə, məhkumların hüquqlarının təmin olunması üzrə praktiki məşğələlər - treyninqlər keçirilməsi ilə davam etdirmişdır.
Bu gün seminar davam edəcək və cəzaçəkmə müəssisəsində bayram tədbiri keçiriləcəkdir.