REGİONLAR
“Çempionumuz” layihəsi çərçivəsində məktəbdə görüş olub
Kürdəmir, 9 dekabr, AZƏRTAC
Kürdəmirdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuz” layihəsi çərçivəsində kikboksinq üzrə ölkə və beynəlxalq yarışlarda yüksək nəticələr göstərən Sadiq Salah oğlu Salahovla Zahid Əhmədov adına Şilyan kənd tam orta məktəbi şagirdlərinin görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Sadiq Salahovun qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşiyev qeyd edib ki, Sadiq 1992-ci ildə Kürdəmirdə anadan olub, şəhər 5 saylı tam orta məktəbdə təhsil alıb. İdmana olan həvəsi 2009-cu ildən onu Kürdəmir Olimpiya İdman Kompleksinə gətirib və burada kikboksinq üzrə məşqlərə başlayıb. İlk məşqçisi Elxan Əhmədov olub. Ayrı-ayrı yarışlarda yaxşı nəticələr göstərdiyi üçün Bakı şəhərində təlim-məşq toplantısına cəlb edilib və orada kikboksinq üzrə əməkdar idman ustası, beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi olan məşqçi-müəllim Ehram Məcidovun tələbəsi olub. Burada böyük təcrübə qazanan Saleh respublika və beynəlxalq yarışlarda uğurlu nəticələrə nail olub və 1-3-cü yerləri qazanıb.
Görüşdə Sadiq Salahov idman həyatından xatirələr söyləyib, şagirdlərin suallarını cavablandırıb.
Sonda idmançıya rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı təqdim edilib.