ELM VƏ TƏHSİL
Coğrafiyaçı alim Saleh Rüstəmovun 110 illıyınə həsr olunmuş elmi-praktik konfrans
Bakı, 20 dekabr, AZƏRTAC
Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Hacı oğlu Rüstəmovun 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan hidrometeorologiyası və ətraf mühit” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda bu elmi müəssisənin baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edərək Azərbaycanda coğrafiya elminin, xüsusilə hidrologiya elminin formalaşmasında, elmi-metodoloji yanaşmaların təkmilləşməsində görkəmli hidroloq alim, professor Saleh Rüstəmovun xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, alimin elmi fəaliyyətinin əsasını müasir coğrafiya elminin ən aktual və qlobal problemi olan Azərbaycan hidroqrafiyasının elmi-metodoloji və elmi-nəzəri ideyalarının işlənilməsi təşkil edir.
Alimin çoxillik və çoxsahəli fəaliyyətində Azərbaycanın su ehtiyatlarının, çaylarının axın rejiminin su balansının öyrənilməsi problemi xüsusi yer tutub. İlk dəfə olaraq Azərbaycanda dağlıq bölgələrdə hündürlüyə görə su balansının dəyişməsi prinsipi və qanunauyğunluğu S.Rüstəmov tərəfindən işlənilib. Bu problemin həlli sahəsində yağış, çay sularının buxarlanma şəraiti, yeraltı suların, səth sularının və s. rolu ayrı-ayrılıqda təhlil olunub və ölkənin potensial su ehtiyatları qiymətləndirilib.
Hidroloq alim Azərbaycan ərazisində ilk dəfə olaraq sellərin təsnifatını və rayonlaşmasını aparıb. “Kiçik Qafqaz çaylarının su balansı”, “Azərbaycanın su balansı”, “Azərbaycanın su ehtiyatları” əsərlərindəki elmi-metodoloji ideyalar Azərbaycanda hidrologiya elminin zənginləşməsində xüsusi rol oynayır.
S.Rüstəmov dəfələrlə keçmiş sovet məkanında hidroloji problemlərə həsr olunmuş beynəlxalq elmi konfranslarda perspektivli məruzələri ilə Azərbaycanı yüksək səviyyədə təmsil edib. Azərbaycanda milli coğrafiyaçı kadr potensialının hazırlanmasında onun əvəzsiz xidmətləri olub.
Konfrans işini “Su ehtiyatları və sudan istifadə” və “İqlim dəyişmələri və ətraf mühit” sessiyalarında davam etdirib.
Tədbirdə “Azərbaycanın su ehtiyatlarından istifadənin əsas xüsusiyyətləri”, “Böyük Qafqaz dağ-qırışıqlıq zonasının yeraltı sularının qiymətləndirilməsi”, “Azərbaycanda limnoloji tədqiqatlar və onların əsas inkişaf istiqamətləri”, “Azərbaycanda regional iqlim dəyişmələri və onun hidrometeoroloji şəraitə təsiri”, “2017-ci ilin iyun ayında Azərbaycanın qərb ərazilərində baş verən güclü ildırım-dolu hadisələri”, “Xəzər dənizinin Azərbaycan sektorunda buzlaşma hadisələri”, “Qarabağın arid, semi-arid ərazilərinin ekocoğrafi şəraiti və aqrar-sənaye kompleksinin prioritet istiqamətləri”, “Qarabağ iqtisadi rayonunun su potensialı”, “Tanınmış coğrafiyaçı alim Saleh Rüstəmovun elmi yaradıcılıq fəaliyyəti” və digər mövzularda məruzələr dinlənilib.
Sonra məruzələrlə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb.