CƏMİYYƏT
COP29 Azərbaycanda yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə töhfə verəcək - Ekspert
Bakı, 30 yanvar, AZƏRTAC
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni COP29-un Azərbaycanda keçirilməsi ölkənin həm siyasi, həm də iqtisadi həyatında önəmli bir hadisə olacaq. Çünki ölkəmizdə təmiz ətraf mühitin formalaşması istiqamətində mühüm işlər görülür. COP29 Azərbaycanda yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə də töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli söyləyib.
O xatırladıb ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və yaşıl artım ayrıca yer alıb. Ölkədə alternativ və bərpa olunan enerjinin istehsal edilən ümumi enerjidə payının 40 faizə qədər artırılması nəzərdə tutulub. Hazırda bizim həm işğaldan azad olunmuş bölgələrimizdə, həm də Naxçıvanda böyük yaşıl enerji zonalarının salınması planlaşdırılır. Bu baxımdan, əlbəttə ki, COP29-un ölkəmizin yaşıl enerji siyasətinə verdiyi töhfələr çox önəmli olacaq.
“Azərbaycan yaşıl enerji sahəsində bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. COP29 ölkəmizin potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. Çünki belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır”,- deyə E.Kərimli söyləyib.
Ekspert qeyd edib ki, bərpa olunan enerjinin quruda iqtisadi potensialı 27 qiqavat təşkil edir, o cümlədən külək enerjisi üzrə 3 qiqavat, günəş enerjisi üzrə 23 qiqavat, bioenerji, geotermal və kiçik çayların birgə potensialı 1 qiqavat həcmində qiymətləndirilir: “Sadalanan layihələrin icrasına həm xarici investisiyaların, həm də yeni texnologiyaların cəlb edilməsi baxımından COP29 çox əhəmiyyətlidir. Bu hadisənin yeni iş yerlərinin açılmasına, işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər”lərin qurulmasına mühüm təsiri olacaq. Bu baxımdan düşünürəm ki, COP29 həm də ölkəmizin investisiya mühitinin daha yaxşı təqdim edilməsi, xarici investorlar üçün cəlbedici və açıq olması ilə tanışlıq imkanları yaradacaq. Sözsüz ki, bu da ölkəmizə yatırılan investisiyaların həcminə əhəmiyyətli təsir edəcək”.
“Azərbaycan 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının 40 faizə qədər azaldılmasını hədəfləyib. Bu məqsədə nail olmaq baxımından COP29-un təsirləri daha böyük olacaq. Bütün bunlar isə ölkə iqtisadiyyatının daha səmərəli inkişaf etməsi ilə nəticələnəcək. COP29-un Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyini, həmçinin beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcək”, - deyə Eyyub Kərimli fikrini tamamlayıb.