İQTİSADİYYAT
COVID-19 pasportu və ya immunitet sertifikatının tələb edildiyi iş və xidmət sahələri müəyyənləşdirilib
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli Qərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib.
Dövlət Vergi Xidmətinin Media və kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci il sentyabrın 1-dən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir.
Bu iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-a yaxın fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq Qərarının əlavəsində tanış olmaq mümkündür.
Artıq Dövlət Vergi Xidməti tərəfindən müvafiq sahədə fəaliyyət göstərən vergiödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildirişlərin göndərilməsinə başlanılıb.
Fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergiödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidirlər.
Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.