İQTİSADİYYAT
“Cross Caspian Oil and Gas Logistics LLC” “Caspian Energy Forum Baku – 2017”nin sponsoru olub
Bakı, 14 mart, AZƏRTAC
“Cross Caspian Oil and Gas Logistics LLC” bu il aprelin 12-də Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum-2017”nin (www.caspianenergyforum.com) sponsoru olub.
“Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirib ki, “Caspian Energy Forum-2017”yə avrokomissarlar, Azərbaycan, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaq. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə iştirak edəcək.
“Cross Caspian Oil and Gas Logistics LLC”nin baş direktoru Dmitri Solovyov deyib ki, iqtisadiyyatın inkişafının mühüm istiqamətlərindən biri nəqliyyat sektoru və onun vacib tərkib hissəsi - “Caspian Energy Forum-2017”də müzakirə olunacaq tranzit dəhlizləridir.
“Tranzit dəhlizlərinin inkişaf istiqamətləri Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi nəqliyyat sektorunun inkişafı üzrə yol xəritələrində öz əksini tapıb. Əlverişli coğrafi mövqe, münbit investisiya mühiti, həmçinin əldə edilmiş logistik təcrübə Xəzər dənizindən Qara dənizə uzanan nəqliyyat dəhlizinə ölkəyə əlavə maliyyə resurslarının cəlb edilməsi üçün strateji cəhətdən mühüm tranzit marşrutu kimi baxmağa imkan verir”, - deyə D.Solovyov vurğulayıb.
“Caspian European Club”un (Caspian Business Club) aktiv partnyoru olan və Xəzər dənizindən Qara dənizə vahid karbohidrogen nəqli dəhlizi görünüşünə sahib “Cross Caspian şirkəti Caspian Energy Forum-2017”ni nəqliyyat və tranzit potensialının inkişafı üçün meydan olaraq dəstəkləyir.
“Cross Caspian Oil and Gas Logistics LLC” Xəzər dənizindən Qara dənizə, həmçinin dəniz, boru kəməri və dəmir yolu daşınmaları vasitəsilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri sisteminə karbohidrogen nəqli üzrə kompleks xidmətlərini uyğunlaşdıran və həyata keçirən SOCAR ilə müştərək müəssisədir.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
IV Beynəlxalq “Caspian Energy Forum-2017”nin sponsorları “Cross Caspian Oil and Gas Logistics LLC”, “Poly¬Mart” və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları - “Asia Express & OCS, DSV”, “Azpetrol LTD” ASC və “SİNAM”dır.