SİYASƏT
Dağıstan Respublikası hökumətinin sədri Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur
Bakı, 11 aprel (AZƏRTAC). Rusiya Federasiyası Dağıstan Respublikası hökumətinin sədri Abdusəməd Həmidovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 11-də Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
Nümayəndə heyətinə məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da qoyulmuş, açılış mərasimi isə 2010-cu il sentyabrın 1-də keçirilmişdir. Hər iki mərasimdə Prezident İlham Əliyev iştirak etmişdir. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Diqqətə çatdırılmışdır ki, meydandakı bayraq dirəyinin hündürlüyü 162 metr, qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Qonaqlar Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşlar.
Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ali dövləti vəzifəyə seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Qeyd edilmişdir ki, dünyada bu cür nadir muzeylərdən olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da saxlanılır.
Nümayəndə heyəti Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılmışdır.