SİYASƏT
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin üzvləri bu ölkənin parlament nümayəndələri ilə görüşmüşlər
Bakı, 6 may (AZƏRTAC). Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin üzvləri bu ölkənin parlamentinin türk əsilli deputatları Hüseyn Arac və Yıldız Akdoğanla görüşmüşlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Azərbaycan və türk icmalarının əlaqələri, Danimarkada fəaliyyət göstərən türkdilli xalqların icmaları birliyinin yaradılmasına dair təklifin əhəmiyyəti, qurumun qarşısında duran vəzifələr haqqında ətraflı məlumat vermişdir.
Cəmiyyətin üzvləri Zaur Qubatov və Mehriban Əliyeva Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, respublikamızın iqtisadi inkişafı və ölkə rəhbərliyinin apardığı sülhməramlı siyasəti barədə danışmışlar.
Vurğulanmışdır ki, 20 faizi işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələbləri Ermənistan tərəfindən hələ də yerinə yetirilməmişdir.
Görüşdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün probleminin Danimarka parlamentində müzakirəyə çıxarılması yolları barədə fikir mübadiləsi aparılmışdır.